Çərşənbə günü Çin Prezidenti Si Tsinpin və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bizimyol.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“İyunun 15-də günortadan sonra Si Tsinpin və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub”, - deyə telekanalın qısa mesajında qeyd edilib.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, çərşənbə günü Çin prezidenti Si Tsinpin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna böhranının həllinə kömək etməyə hazır olduğunu bildirib.
Kanal Çin liderinin sözlərini sitat gətirir: "Maraqlı tərəflərin hər biri Ukrayna böhranının düzgün həllinə töhfə verməkdə məsuliyyətli mövqe tutmalıdır. Çin bundan sonra da konstruktiv rolunu oynamağa hazırdır. Biz hər iki tərəfin münaqişəyə son qoyması üçün kompromis variantlar seçiminə kömək etmək məqsədimizi bildirmək istəyirik".
Si Tsinpinin aydınlaşdırdığı kimi, Pekin Ukrayna məsələsində “faktları və tarixi reallıqları nəzərə alaraq” müstəqil mövqe tutur: "Biz qlobal miqyasda sülhün qorunmasına fəal iştirak etmək, dünyada sabit iqtisadi sabitliyin qorunmasına yardımçı olmağa çalışırıq. Dünyada sülhun qorunması iqtisadi inkişafın əsas təməl prinsiplərindəndir. Biz beynəlxalq qanunlara əməl edilməsini, dövlətlərin müstəqil inkişaf yolu ilə irəliləməsini prioritet hesab edirik və bunun üçün lazımi köməklik göstərməyə hazır olduğumuzu bildirmək istəyirik", - deyə o vurğulayıb.
Qeyd edək ki, fevralın 24-də Putin Ukrayna ərazisində "xüsusi hərbi əməliyyat" elan edib. Bundan sonra ABŞ və müttəfiqləri Rusiya Federasiyasına qarşı irimiqyaslı sanksiyalar tətbiq edərək, Kiyevə silah tədarükünü gücləndirdilər.
Qadir, Bizimyol.info