Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan bundan sonra mümkün təhdidlərdən sığortalanmış oldu"
"Azərbaycan bundan sonra mümkün təhdidlərdən sığortalanmış oldu"

“Azərbaycan və Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyəsindən də üst mərhələyə qaldıran tarixi Şuşa bəyannaməsinin imzalanmasının 1 il keçir. Şuşa Bəyannaməsi bir sıra istiqamətlərdə Cənubi Qafqazdakı proseslərin tənzimlənməsi və bu proseslərdə Azərbaycanın rolunun artan xəttlə yüksəlməsini özündə əks etdirən çox mühim bir tarixi razılaşmadır. Ümumiyətlə Şuşa Bəyannaməsini 1921-ci ildə imzalanmış və Naxçıvanın müstəqilliyini Azərbaycanın əraziləri kimi qorunub saxlanılmasını erməni və onların havadarlarının Naxçıvana qarşı iddialarını puça çıxaran Qars müqaviləsinin tarixi davamı kimi qiymətləndirə bilərik”.

Bu barədə Bizimyol.info xəbər portalına tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev danışıb. O, qeyd edib ki, “Şuşa Bəyannaməsi imzalandıqdan sonra, Azərbaycana qarşı digər dövlətlər və ya hərhansı bir beynəlxalq güclər tərəfindən edilə biləcək təhdidlərə, Azərbaycanın dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşı olabiləcək hərhansı bir təhlükəyə qarşı Türkiyə və Azərbaycan gücünün birləşdirilməsini özündə əks etdirir. Bu müqavilə, dünyadakı digər dövlətlər arasında bu istiqamətdə imzalanmış bütün müqavilələrdən daha üstün və daha əhatəli bir müqavilə kimi xarekterizə olunur”.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

“Eyni zamanda bu müqavilənin imzalanması ilə Azərbaycanın bundan sonra müstəqilliyinə və ərazi bütövlüyünə ola biləcək təhdidlərdən Azərbaycan sığortalanmış oldu” - deyən ekspert hesab edir ki, Şuşa Bəyannaməsinin birinci istiqaməti Azərbaycanın müstəqil dövlət olaraq qorunub saxlanılması və onun müstəqilliyinə ola biləcək təhdidlərin qarşısının alınması baxımından mühüm bir anlaşmadır. Şuşa Bəyannaməsi həm də Azərbaycan və Türkiyənin bir sıra istiqamətlərdə: məsələn, terrora qarşı mübarizə, antiterror əməlliyatlarında, eyni zamanda Cənubi Qafqazda əldə olunmuş kövrək sülhün möhkəmləndirilməsi ilə bağlı birgə fəaliyyəttə, Ermənistan ilə Azərbaycan arasında və Ermənistanla Türkiyə arasında iqtisadi, nəqliyyat, kommunikasiya əlaqələrinin açılması, enerji layihələrinin reallaşdırılması, mühim siyasi, diplomatik, iqtisadi əlaqələrin qurulması baxımından bu münasibətləri tənzimləyəcək ciddi bir mexanizim kimi qiymətləndirilə bilər.

Anar Əliyev bildirir ki, Şuşa Bəyannaməsi Azərbaycanın regional nüfuzunun qat-qat artıracaq, Azərbaycanın Cənubi Qafqazda baş verən proseslərin idarə olunmasında rolunu davamlı şəkildə yüksəldəcək. Bu anlaşma, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin özündə əks etdirməklə, Cənubi Qafqaz dövlətləri arasında xüsusilə Azərbaycan və Ermənistan arasında inteqrasiyanın güclənməsinə töhfə verən bir sənəd kimi və bu prosesdə Türkiyənin rolunun qabardılması baxımından mühim bir anlaşmadır.

Politoloqun sözlərinə görə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında çox üstün səviyyədə iqtisadi münasibətlərin və əlaqələrin bundan sonra da davamlı şəkildə yüksələn xətt ilə inkişaf etməsini özündə birləşdirən, əks etdirən bir razılaşmadır. Bu razılaşmaya uyğun olaraq, qısa müddət ərzində Azərbaycan və Türkiyə arasında ticarət dövriyəsinin 15 milyard dollar həcminə qaldırılması planlaşdırılır. Şuşa Bəyannaməsində qeyd olunduğu kimi iki dövlət arasında malların sərbəst dövriyəsini özündə əks etdirən çox unikal bir gömrük sisteminin tətbiq edilməsi qeyd olunur.

“2021-ci ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyəsi özündən əvvəlki illə müqayisədə kifayət qədər genişlənərək, təxminən 4,7 milyard dollar olub. Bu artım temposu onu deməyə imkan verir ki, Şuşa Bəyannaməsində qeyd olunduğu kimi qısa müddət ərzində Azərbaycan və Türkiyə arasında ticarət dövriyəsi 15 milyard dollar həcminə yüksələcək. Şuşa Bəyannaməsinin imzalandığı tarix baxımından, həmin gündən baxarkən fantastik görünən bu rəqəm artıq reallaşmağa doğru gedir. Eyni zamanda Şuşa Bəyannaməsinin mühim istiqamətlərindən biri Azərbaycan və Türkiyə arasında təhlükəsizlik şuralarında birgə iclaslarının keçirilməsi ilə bağlı məsələlərdir. Bu bəndin Şuşa bəyannaməsinə əlavə edilməsi ilə Azərbaycan və Türkiyənin konfederasiya istiqamətində irəliyə doğru atdığı çox əhəmiyyətli bir addım kimi qəbul etmək olar” - deyə Anar Əliyev bildirib.

Eyni zamanda Şuşa bəyannaməsində elm, təhsil hətta kosmik əməkdaşlığın və birgə fəaliyyətin təşkili ilə bağlı da çox mühim bəndlər və çox mühim istiqamətlər yer alıb. Onun sözlərinə görə, Azərbaycan ordusunun yenidən NATO standartlarına uyğun Türkiyə ordusu səviyəsində yenidən qurulması ilə bağlı maddənin əlavə edilməsi, birgə hərbi təlim, məşq toplantılarının davamlı şəkildə keçirilməsi ilə bağlı iradənin Şuşa bəyannaməsində əks olunması onu deməyə imkan verir ki, Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasında bu günə qədər tarixdə iki dövlət arasında rast gəlinməyən, ən unikal və ən yüksək səviyəli bir anlaşma, bir razılaşmadır. Bu anlaşma Azərbaycan dövlətinin nüfuzunu, Azərbaycan dövlətinin Cənubi Qafqazdaki həlledici rolunu nə qədər yüksəklərə qaldırırsa, eyni zamanda həm də Türkiyə dövlətinin güclənməsinə, Türkiyə dövlətinin strateji hədəflərinə çatmasına, Türkiyə dövlətinin bölgə proseslərindəki müstəsna aparıcı rolunun daha da artmasına gətirib çıxaracaq.

“Bu bəyannamə, bu razılaşma hər iki dövlətin strateji inkişaf istiqamətini müəyyən edən konseptual bir razılaşmadır. Şuşa Bəyannaməsinin hər il daha çox nəticələrini, müsbət nəticələrini müşahidə edə biləcəyik. Həm dövlət olaraq, həm xalq olaraq, həm də vətəndaş olaraq gündəlik həyatımızda hiss edəcəyik” - deyə politoloq əlavə edib.

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »