Rusiyanın Ukraynaya fevralın 24-də başlayan işğalı müharibənin bütün vəhşiliyinin nümayiş olunduğu dəhşətli bir mühitdə davam edir.
Rusiya ordusu ilk günlərdə ildırım əməliyyatı ilə Kiyevin mühafizəsini sındırmaq məqsədinə nail ola bilməyəndə, taktikalarını dəyişərək, ölkənin şərqinə doğru istiqamət aldılar. Son məlumatlar göstərir ki, Donbasın süqutu üçün kritik rol oynayan Severedonetsk və Lisiçansk şəhərləri münaqişənin mərkəzində idi.
Daha əvvəl iki şəhər arasındakı iki körpünü dağıdan ruslar Severodonetskin dünya ilə qalan əlaqəsini kəsmək üçün üçüncü körpünü də güclü bombardmanla dağıtdılar.
Rusların Kiyev bölgəsindən geri çəkilməsindən sonra İstanbul danışıqlarında əldə edilən irəliləyişi Qərbin “mübarizəni davam etdirin, biz sizin arxanızdayıq” təklifləri ilə boşa çıxaran Ukraynadakı Zelenski administrasiyası son zamanlar ABŞ və onun Avropalı müttəfiqlərinə qarşı qınaq dilini artırıb.
İşlərin yavaş-yavaş məyusluğa doğru getdiyinə dair artan əlamətlər var. Bu, təkcə Ukrayna hakimiyyətinə aid deyil. Rusiya təhlükəsini arxalarında hiss edən Litvanın açıqlamalarına baxaq. Aşağıdakı ifadələr Litvanın Xarici İşlər Naziri Qabrielius Landsbargisə aiddir:
“Ukraynada fabriklər işləmir. Ukraynalılar döyüşmək üçün lazım olan sursatı istehsal edə bilmirlər. Onların silahları tükənməyə başlayır və indi tamamilə Qərbin göndərdiyi silahlardan asılıdırlar. ABŞ və digər ölkələr ukraynalılara həqiqətən istədikləri uzaqmənzilli raketləri verməyi dayandırdılar. Görünür, Vaşinqton administrasiyası daxilində Rusiyanı təxribata çəkməklə bağlı hələ də davam edən müqavimət var”.
Qərbə etibarın sərhədi harada başlayıb, harada bitir?
Ukrayna ərazisinin təxminən beşdə birinin Rusiyanın əlində olduğu bir mühitdə ABŞ Prezidenti Co Baydenin “Zelenskiyə xəbərdarlıq etdim, amma o, qulaq asmadı” sözləri sual doğurur. İndi Qərb Ukraynanı öz taleyinəmi buraxır?..
Almaniya isə əvvəldən Ukraynaya yardım etməkdə daha ehtiyatlı davranıb. Müharibə başlamazdan əvvəl almanların göndərdiyi müdafiə qurğularının necə bir istehza mövzusu olduğunu yəqin ki, xatırlayarıq. İndi almanlar bəyanatlar verirlər ki, Ukraynaya verə biləcəyimiz yardım oktyabra qədər zavoddan çıxacaq.
ABŞ-dan uzaq mənzilli raket yardımı gündəmə gələndə Putin “Belə bir şey olarsa, daha əvvəl vurmadığımız yerləri vuracağıq” deyərək cavab vermişdi. Ola bilsin ki, bu təhlükə ABŞ-ı bir qədər çəkindirə bilib.
Qərbin Ukraynaya yardımlarının sərhədi hara qədərdir?
Ən mühüm məsələ Qərbin Ukraynaya dəstəyinin sərhədlərinin haradək olması məsələsidir. Bəli, əvvəlcə verilən ciddi silah, sursat və kəşfiyyat dəstəyi Ukraynanın müqavimətini gücləndirdi və ruslar böyük itki verdilər. Ancaq eyni güclü müqavimət əvəlki kimi davam edə bilmədi.
İndi əgər Ukraynanın müharibəni davam etdirmək üçün artıq silah-sursatı yoxdursa və yalnız Qərbdən gələn yardımdan asılı vəziyyətə düşübsə, Qərbdən gələn yardımlar son həddə çatıbsa, deməli, Ukraynanın variantları tükənmək üzrədir. Bir müddət sonra ərazilərinin bir hissəsini vermək olsa belə, ruslarla masa arxasına oturmaq, Ukrayna üçün yeganə çıxış yolu ola bilər.
Mətin Şükürlü, Bizimyol.info