ABŞ prezidenti Co Baydenin administrasiyası “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin tamamlanması üçün İsrailə təxminən 1 milyard dollar ayırmaq niyyətindədir.
Bizimyol.info xəbər verir ki, Vaşinqton administrasiyasının yüksək rütbəli rəsmisi bu barədə bazar ertəsi axşam Baydenin Yaxın Şərqə gözlənilən səfəri ilə bağlı xüsusi brifinqdə jurnalistlərə bildirib.
“Bizim administrasiyamız həmçinin Qəzza münaqişəsindən sonra “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin tamamlanması üçün 1 milyard dollar təmin etmək üçün Konqreslə işləyir”, - o deyib.
Rəsminin qeyd etdiyi kimi, Bayden İsrailə səfəri zamanı bu hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi ərazilərə baş çəkmək, həmçinin iki ölkə arasında müdafiə sənayesində innovasiyalar sahəsində mümkün əməkdaşlığı müzakirə etmək niyyətindədir.
"Bundan əlavə, ABŞ administrasiyasının rəhbəri Yaxın Şərqə səfəri zamanı İordan çayının qərb sahilinə səfər edəcək və orada Fələstin prezidenti Mahmud Abbasla görüşəcək. Səfər zamanı Bayden həmçinin virtual "I2-U2" sammiti (Hindistan, İsrail, BƏƏ və ABŞ-ı birləşdirir) çərçivəsində İsrail və Hindistanın baş nazirləri Naftali Bennett və Narendra Modi ilə əməkdaşlıq haqqında danışıqlar aparacaq. Əlbəttə, o, başqa görüşlər də keçirəcək, biz onları səfər tarixinə yaxın elan edəcəyik”, - ABŞ administrasiyasının rəsmisi əlavə edib.
Martın 17-də İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, müdafiə naziri Benni Qantz raketləri, minaatanları həmçinin pilotsuz uçuş aparatlarını aşkarlamaq üçün nəzərdə tutulmuş güclü lazer sisteminin inkişafı və istehsalı üçün bir neçə yüz milyon şekel (1 dollar təqribən 3,3 NİS-ə bərabərdir) büdcəni təsdiqləyib. Eyni zamanda, idarədən əlavə edilib ki, nazirliyin Müdafiə Tədqiqatları və İnkişafı Departamenti “Dəmir Şüa” güclü lazer sisteminin yaradılmasında texnoloji sıçrayış əldə edib.
Qadir, Bizimyol.info