ABŞ Ukraynaya təkcə silahla deyil, həm də maliyyə yardımı etməyə hazır olduğunu bildirib. Vaşinqton Kiyevə aylıq 1,5 milyard dollar məbləğində yardım edəcəyini elan edib.
Bizimyol.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Derek Hoqan Vilson Mərkəzində qeyd edib.
O xatırladıb ki, Ağ Ev artıq Ukraynaya dəstək üçün bir milyard dollar ayırıb.
“Biz bu məqsədlər üçün müxtəlif mexanizmlər vasitəsilə artıq bir milyard dollar ayırmışıq və 4-5 ay müddətində hər ay daha 1,5 milyard dollar ayırmaq niyyətindəyik. Ukraynanın düşdüyü vəziyyəti anlayırıq. İndi onlara silahla yanaşı maliyyə dəstəyi də vacibdir”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, köçürmələr Ukrayna hökumətinin işini dəstəkləmək üçün nəzərdə tutulub.
Ukrayna mətbuatının daha əvvəl xəbər verdiyi kimi, mayın 9-da ABŞ prezidenti Co Bayden lizinq haqqında qanunu, mayın 21-də isə Ukraynaya 40 milyard dollar yardımın ayrılması haqqında qanunu imzalayıb və Ukrayna Silahlı Qüvvələri üçün yeni silah partiyasını elan edib.
Daha sonra ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink bildirib ki, Vaşinqton Kiyevə iqtisadiyyatı dəstəkləmək üçün birbaşa olaraq 1 milyard dollar yardım edib. Onun sözlərinə görə, Ukraynaya daha 7,5 milyard dollar ünvanlı yardım veriləcəyi barədə layihə hazırlanır.
Bundan əlavə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Ağ Ev və müttəfiqləri Rusiyanın işğalına müqavimət göstərmək üçün Ukrayna ordusunun silahla bağlı bütün ehtiyaclarını ödəməyə hazırdır. "Lazım olan hərbi vasitələr Kiyevə çatdırılacaq",- deyə o bildirib.
Qadir, Bizimyol.info