Rusiyanın Suriyada zəifləməsi ilə Türkiyə ilə İran arasında qarşıdurma ehtimalının olduğu iddia edilib.
Suriyaya yeni hərbi müdaxilə planlaşdırdığı görünən Türkiyə bu cür əməliyyata açıq şəkildə qarşı çıxan İranla bir qədər gərgin olsa da, Ankaraya hələ yaşıl işıq yandırmayan Rusiyanın öz qoşunlarını bölgədən çıxarmağa başlaması ilə bu gərginlik kəskin şəkildə arta bilər. Rusiya ordusu bölgədən çıxarıldıqdan sonra bu prosesin iki ölkənin silahlı ünsürlərini münaqişəyə sürükləyə biləcəyi iddia edilir.
Əslində, bu an üçün İranın konkret narahatlığının Türkiyənin ilk növbədə hədəf seçdiyi Tel-Rifat yaxınlığında, şiə azlıqların yaşadığı Nubul və Zəhra qəsəbələri ətrafında ordu cəmləşdirməsi görünür. 2016-cı ilin fevral ayına qədər Suriyada “Nüsra” tərəfdarı cihadçı strukturların mühasirəsində olan və Suriya Ərəb Ordusunun havadan qida yardımı ilə həyatda qalan bu qəsəbələr İranyönümlü döyüşçülərin də dəstəklədiyi Suriya hərbi birləşmələri ilə mühasirəni yara bilmişdi.
Türkiyə Silahlı Qüvvələrinin PKK-nın bir qolu kimi gördüyü YPG-ni bölgədən təmizləməyə hesablanmış hərbi əməliyyat hazırlıqlarına dair etirazını diplomatik yollarla rəsmi Ankaraya çatdıran və dialoq tələb edən, hətta xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın keçən bazar ertəsi günü Türkiyəyə planlaşdırılmış səfərini ləğv edən Tehranın bölgəyə özünə sadiq hərbi birləşmələr toplaması barədə məlumatlar yayılıb.
Ancaq bu günlərdə diplomatik çevrələrdin səsləndirdiyi iddialar arasında iki ölkənin Astana prosesində “böyük tərəfdaşları” hesab olan Rusiyanın Suriyadan çəkilə biləcəyi ehtimalından ehtiyat etmək lazımdır. Bu iddianı ən açıq şəkildə dilə gətirənlərdən biri də İranın Rumıniya, Macarıstan və Kiprdəki keçmiş səfiri Əli Əkbər Fərazi olub.
İranın gündəlik qəzetlərindən olan “Şərq”ə müsahibə verən Əli Əkbər Fərazi Rusiyanın yaxın zamanlarda əsgərlərini Suriyadan çıxara biləcəyini və bu vəziyyətin Ankara ilə Tehranı hərbi münaqişəyə sürükləyə biləcəyini iddia edib.
2002-ci ildən İranda nəşr olunan “Şərq” qəzetinin müxbiri Əbdül Rəhman Fəthullahın suallarını cavablandıran təcrübəli diplomat Rusiyanın Ukrayna müharibəsi ilə ortaya çıxan yeni iqtisadi, siyasi və diplomatik bərabərliyi aradan qaldırması üçün illər lazım olduğunu iddia edib. Farazi onu da iddia edib ki, Rusiya bu vəziyyətdən xəbərdardır və yaxın müddətdə hərbi mövcudluğunun olduğu beynəlxalq əraziləri nəzərdən keçirməli olacaq. İranın keçmiş səfiri Türkiyə ilə bağlı proqnozlarını və iddialarını belə sıralayıb: “Rusiya istər-istəməz, Suriya və Qafqaz kimi dünya coğrafiyalarında hərbi mövcudluğunu yenidən müəyyənləşdirməlidir. Nəticədə Rusiya ordusunun Suriyadan çıxarılması qaçılmaz görünür. Türkiyə son illərdə təcavüzkar siyasət yürütməkdən və həyata keçirməkdən çəkinmədiyini açıq şəkildə göstərib. Belə ki, o, bir tərəfdən kürdlərə qarşı təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq üçün özünə regional və qlobal siyasi və diplomatik təsir dairəsi müəyyən edib, digər tərəfdən isə İraq və Suriyanın bəzi hissələrini keçmiş Osmanlı strategiyası ilə özünə birləşdirməyə çalışır”.
Fərazi onu da bildirib ki, Ukrayna müharibəsinin şiddətlənməsi və iqtisadi böhranın ağır yükü səbəbindən Rusiya hərbi gücünü yenidən nəzərdən keçirərək Suriyadan çəkilməyə qərar verdiyi anda təhlükəsizlik balansı qaçılmaz olaraq pozulacaq.
Belə bir vəziyyətdə İran və Türkiyə arasında “arzuolunmaz münaqişənin” başlaya biləcəyini əsas gətirən Fərazi iddialarını bu sözlərlə davam etdirib: “Türkiyə öz maraqlarına gəldikdə qırmızı xətti tanımır, bəzi məqamlarda Türkiyə ordusu İranpərəst qüvvələrə və onların mövqelərinə hücum edərək, İranı itkilərə məruz qoyub. Görünən odur ki, Ankara beynəlxalq hüququn təzyiqi altında Suriya və İraqda işğal etdiyi ərazilərdən əsgərlərini geri çəkməyəcək. Suriyadakı vəziyyətin hara aparacağını və Türkiyənin maraqlarından sonra nə qədər dərinə gedəcəyini isə zaman göstərəcək”.
İranlı diplomatın Türkiyəni öz ölkəsi önündə təhdid kimi görməsi başadüşüləndir. Ancaq Rusiya ordusu Suriyadan çəkildikdən sonra bu iki ölkənin həmin torpaqlarda toqquşma ehtimalının İran və Türkiyədən daha çox, ABŞ və Rusiyanın maraqlarına xidmət etdiyini də unutmaq olmaz. İran və Türkiyənin bölgədə ortaq məxrəcə gələ bilməsi üçün masa arxasına keçmələri və ABŞ-Rusiya cütlüyünü bu masadan uzaq tutmaları ən önəmli şərtdir.
Mətin Şükürlü, Bizimyol.info