Severodonetsk yaxınlığında döyüşlər davam edir.
Qarşıdan gələn aylarda Rusiya qoşunlarının çaylardan keçmə əməliyyatları müharibənin gedişatını müəyyən edən ən mühüm amillərdən biri olacaq.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb. Məlumatda bildirilib ki, Rusiya cəbhə xəttinin Donbassdakı 90 kilometrlik əsas hissəsi Severski Donets çayının qərbində yerləşir.
"Donbasa hücumun hazırkı əməliyyat mərhələsində uğur qazanmaq üçün Rusiya ya iddialı cinah hərəkətləri etməli, ya da çətinliklə də olsa, çayları keçməli olacaq”,- deyə məlumatda bildirilib. Qeyd edilib ki, Ukrayna qüvvələri geri çəkilməmişdən əvvəl bütün körpüləri dağıda bilib. Rusiya isə, atəş altında olan çaylardan uğurlu şəkildə keçə bilmək üçün koordinasiya yaratmağa çalışır.
Bir müddət əvvəl isə Müharibə Araşdırmaları İnstitutu məlumat vermişdi ki, Rusiya qoşunları Severski Donets üzərindən iki körpünü ələ keçirməyə cəhd etdikləri zaman onları dağıdıblar.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə isə, Rusiya hərbçiləri hələ də Severski Donets çayını keçməyə can atırlar. Belə ki, onlar Ukraynanın müdafiəsində zəif nöqtələr axtarmaqla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin artilleriyasını çay yaxınlığında darmadağın etməyə çalışırlar.
Xatırladaq ki, iyunun 9-da Luqansk vilayət hərbi administrasiyasının sədri Serjiy Qaydai Rusiya qoşunlarının Severski Donetski keçmək cəhdləri barədə xəbərdarlıq etmişdi. Qeyd edək ki, havaların isti keçməsi ilə əlaqədar çayda suyun səviyyəsi aşağı düşüb. Bu da düşməni maneəni zorla da olsa, keçməyə sövq edə bilər.
Hələ bir müddət əvvəl, mayın sonlarında Rusiya ordusu artıq ponton keçidlərinin köməyi ilə Severski Donetsi keçməyə çalışırdılar. Ancaq Ukrayna Silahlı Qüvvələri onların bu planlarını məhv edərək düşmənə xeyli ziyan vurmuşdu.
İlahin, Bizimyol.info