Türkiyə tarixində ən böyük kəşf olan 540 milyard kubmetr təbii qazı Qara dənizə çıxarmaq üçün borular çəkilir.
Bizimyol.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da boruların işə salınma mərasimində iştirak edəcək.
Məlumata görə, 170 kilometrlik dəniz xəttindən quruya nəql olunacaq təbii qaz üçün ilk borular dənizin 2200 metr altına yerləşdiriləcək.
Limandan dənizə 12 metr uzunluğunda olan 21 min borunun endirilməsi “Castoro-10” adlı gəmi, çəkilişi isə “CastorOne” adlı gəmi tərəfindən həyata keçiriləcək. İlkin olaraq 10 milyon kubmetr olaraq hasil edilməsi planlaşdırılan təbii qaz 2023-cü ildə əsas paylayıcı xəttə veriləcək.
Xatırladaq ki, açıq dənizdə tikiləcək təbii qaz hasilatı obyekti Filyos Sənaye Bölgəsində yerləşəcək qaz alqı-satqısı və emalı obyekti və ikisini birləşdirəcək boru kəmərindən ibarətdir. Dəniz dibində təbii qaz hasilatı sistemi Qara dənizin Filyos sahilindən 155 kilometr məsafədə və təxminən 2200 metr dərinlikdə tikiləcək. Təxminən 2200 kvadrat kilometr ərazidə 40-a yaxın hasilat quyusundan təbii qazın toplanaraq boru kəmərinə ötürülməsi üçün dəniz dibində şəbəkə yaradılacaq. Layihənin birinci mərhələsində açıq dənizdə qazılacaq quyulardan hasil edilən təbii qaz diametri təxminən 40 sm olan polad boru kəməri ilə quruya nəql olunacaq.
Bildirilir ki, nazirlik üç mərhələdə hazırlıq və layihələndirmə işlərini davam etdirir. Bu çərçivədə sutkada 10 milyon kubmetr təbii qaz hasil edilməsi nəzərdə tutulur. İstehsaldan sonra 4 il ərzində gündə 40 milyon kubmetr təbii qaz hasil edilməsi nəzərdə tutulur. Onun təxminən 25 il ərzində sakinlərin ehtiyac duyacağı qazı istehsal etmək gücündə olduğu bildirilir.
Digər tərəfdən, 21 avqust 2020-ci ildə Fatih Qazma Gəmisinin işlərini davam etdirdiyi Sakarya Qaz Sahəsindəki “Dunay-1” quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı və 85 milyard kubmetr təbii qaz ehtiyatı açıqlanıb.
Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanan “Amasra-1” quyusunda 135 milyard kubmetr qazın tapılması müjdəsindən sonra təbii qaz ehtiyatı 540 milyard kubmetrə çatıb.
Leyla, Bizimyol.info