Ukraynada müharibə can almaqda davam edərkən, dünyanın gözü Baltikyanı regiondadır.
Bizimyol.info xəbər verir ki, fevralın 24-də Rusiya prezidenti Putinin əmri ilə başlayan müharibə ölkənin şərq bölgələrində tam sürətlə davam edərkən, Baltikyanı bölgədəki təlimdən diqqət çəkən görüntülər gəlib. Belə ki, İsveç və ABŞ əsgərləri “düşmən tərəfindən işğal edilmiş bir adanın azad edildiyi” döyüş oyunu gerçəkləşdiriblər.
ABŞ dəniz piyadaları NATO-nun Baltik dənizindəki təlimləri çərçivəsində Qotlandda hava və amfibiya desantları həyata keçirib. Bu döyüş oyunu Rusiyaya qarşı hədə-qorxu kimi qələmə verilir. Çünki hər iki ölkə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzv olmaq istədiklərini açıq şəkildə bəyan ediblər.
Hazırda Ukraynanın NATO-ya üzvlüyünə qarşı olan Rusiya üçün, hərbi ekspertlərin fikrincə, digər qonşu Finlandiyanın üzvlüyü isə ən pis ssenarilərdən biridir. NATO rəsmiləri hesab edirlər ki, Skandinaviya ölkələri üzvlük meyarlarının əksəriyyətinə artıq cavab verdikləri üçün onların alyansa qəbulu nisbətən sadə olacaq.
Xatırladaq ki, Rusiyalı deputat Vladimir Jabarov Finlandiyanın NATO-ya daxil olmasının "dəhşətli faciə" olacağını bildirərək hədələmişdi. Finlandiyanın NATO-ya daxil olması halında Rusiya üçün “qanuni hədəf” olacağını deyən deputat “Finlandiya bu addımı ilə ölkələrinin məhvini təmin edəcək” deyə bildirib. Bundan əlavə, Rusiya uzun müddətdir qonşusu Finlandiyaya və digər şimal ölkəsi İsveçə NATO-ya üzv olmamaq barədə xəbərdarlıq edib. Lakin Moskvanın planı Putinin göstərişi ilə Ukraynada başlayan müharibədən sonra əks nəticə verib.
Məlumat üçün bildirək ki, son rəy sorğularına görə, Finlandiyada hər 100 nəfərdən 84-ü Rusiyanı “əhəmiyyətli hərbi təhlükə” kimi görür. Keçən il Ukrayna böhranından əvvəl isə bu göstərici cəmi 25 faiz idi. Hazırda İsveçdə də vəziyyət fərqli deyil. İllərdir “neytrallıq” modelini həyata keçirən ölkədə NATO-nun səsləri getdikcə ucalır.
Türkiyə isə iki ölkənin NATO-ya üzvlüyünə xoş münasibət göstərmir. Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Praqada açıqlama verib, “Türkiyənin bu məsələ ilə bağlı mövqeyi çox açıq və birmənalıdır. Türkiyənin təhlükəsizlik narahatlıqları nəzərə alınmalı və terrora dəstək dayandırılmalıdır”,- deyə qeyd edib.
Bu açıqlamadan sonra NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin təhlükəsizlik narahatlıqlarının qanuni olduğunu bildirib və “Türkiyənin digər NATO müttəfiqlərindən daha çox terrordan əziyyət çəkdiyini qəbul etməliyik” deyib.
Stoltenberq Madrid Sammitinin İsveç və Finlandiyanın NATO müraciətlərini qəbul etməsi üçün son tarix olmadığını da vurğulayıb.
Leyla, Bizimyol.info