Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada nüvə silahlarının sayı artmağa başlayıb: Müharibə riski yaranıb
Dünyada nüvə silahlarının sayı artmağa başlayıb: Müharibə riski yaranıb

Yeni araşdırma dünyanın 35 ildən sonra yenidən nüvə silahlanma dövrünə qədəm qoyduğunu ortaya çıxarıb.

Bizimyol.info xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) Soyuq Müharibədən sonra ilk dəfə olaraq dünyada nüvə silahlarının sayının artdığını bildirib.

Hesablamalara görə ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə, Hindistan, İsrail, Şimali Koreya və Pakistanda bu ilin əvvəlinə 12 705 nüvə başlığının olduğu bildirilir.

Xatırladaq ki, ABŞ və Rusiya arasında Soyuq Müharibə zamanı dünya nüvə müharibəsi astanasına gəlmiş və 1986-cı ildə nüvə silahlarının sayı 70.000-i keçmişdi. Soyuq Müharibədən sonra iki ölkə tərksilah sözü vermiş və əllərində olan nüvə silahlarının sayını əhəmiyyətli dərəcədə azaltmışdı.

SIPRI-nin araşdırmasına görə, 9 nüvə ölkəsi yaxın 10 ildə nüvə silahlarının sayını artıracaq. Silahsızlanma dövrünün başa çatdığını qeyd edən tədqiqatçılar nüvə müharibəsi riskinin Soyuq Müharibədən bəri ən yüksək həddə çatdığı barədə xəbərdarlıq ediblər.

Bildirilir ki, son zamanlar nüvə silahına sahib olan ölkələr tərəfindən narahatedici addımlar atılır. Ukraynanın işğalından sonra Rusiya prezidenti Vladimir Putin və komandası nüvə silahından dəfələrlə istifadə oluna biləcəyinə işarə edib.

Məlumata görə, Çin və Böyük Britaniya da son vaxtlar nüvə silahlarını modernləşdirməyə çalışırlar. Şimali Koreyanın ballistik raket sınaqları son aylarda bölgədə gərginliyə səbəb olub. İranın nüvə sınaqları da narahatlıq doğurur.

Rusiya və ABŞ köhnəlmiş nüvə silahlarını məhv edərkən əməliyyat silahlarının gücləndiyinə diqqət çəkən SIPRI bu iki ölkənin hələ də dünyadakı nüvə silahlarının 90 faizinə sahib olduğunu vurğulayıb. Araşdırmaya görə, Rusiya təxminən 6000 nüvə silahı ilə liderlik edir, ABŞ isə 5428 nüvə başlığına malikdir. Çində 350, Fransada 290, İngiltərədə 225, Pakistanda 165, Hindistanda 160, İsraildə 90, Şimali Koreyada isə 20 nüvə silahının olduğu təxmin edilir.

Onu da əlavə edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvü olan İngiltərə, Çin, Fransa, Rusiya və ABŞ bu ilin əvvəlində "nüvə müharibəsində qalib gəlməyin heç vaxt mümkün olmadığını" bildirən bəyanat yayıb. Digər tərəfdən, bu beş ölkənin nüvə silahı ilə bağlı atdığı addımlar diqqət çəkir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »