"Avropa İttifaqı genişlənə bilər və Ukraynada Avropa mədəniyyəti var".
Bizimyol.info xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Aİ-nin rəsmi jurnalına müsahibəsində deyib.
"Mən əminəm ki, Ukraynanın Avropa mədəniyyəti var və Aİ genişləyə bilər. Ukrayna öz dəyərləri, mədəniyyəti və tarixi ilə artıq Rusiyanın işğalı ərəfəsində islahatlar yolu ilə Avropaya qoşulmağa hazırlaşırdı. Ukrayna bunun uğrunda inamla mübarizə aparır, dövlətin İttifaqa üzv qəbul edilməsi üçün lazım olan islahatların təmin edilməsinə çalışır",- deyə diplomat bildirib.
"On il əvvəl Salonikidə biz Qərbi Balkanlara Avropanın gələcəyini vəd etmişdik. Bəziləri uğur qazanacaq, bəziləri isə bacarmayacaq. Eyni şeyi Ukrayna üçün etsəydik, necə?",- deyə Avropa diplomatiyasının rəhbəri bildirib.
Kiyev sorğu anketini dolduraraq Avropa Komissiyasına təqdim etdi ki, bu da Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi üçün zəruri addım idi. Anketin birinci hissəsində Ukraynanın üzvlüyə namizəd statusu almağa hazırlığının qiymətləndiriləcəyi siyasi və iqtisadi meyarlar var. İkincisi, Ukrayna qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsini əhatə edir. Rəsmi Kiyev ümid edir ki, iyunda Aİ-yə üzv ölkələr Ukraynanın namizəd statusu ilə bağlı qərarı dəstəkləyəcək.
İyunun 8-də Avropa Parlamenti Avropa İttifaqına Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edən qətnaməni dəstəkləyib.
Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı Avropa Şurasının qərarının iyunun 23-24-də qəbul ediləcəyi gözlənilir.
Qadir, Bizimyol.info