Prezident Vladimir Zelenski qlobal miqyasda istənilən təcavüzə cavab vermək üçün Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasının zəruri olduğunu hesab edir.
Bizimyol.info Ukrayna mediasına istinadla xəbər verir ki, o, bu barədə Asiya Təhlükəsizlik Sammitində “Şanqri-La Dialoqda” çıxışı zamanı deyib.
"Biz BMT-də islahatları təmin edə bilərik. Bunun üçün isə, bütün dövlətlər beynəlxalq hüquqa hörmət etməli və heç kim dünya nizamını pozmamalıdır. BMT sistemi və xüsusən də BMT Təhlükəsizlik Şurası bu gün əksər dövlətlərin ədalətli təmsil olunmasını təmin etmir. Planetin bütöv regionlarının səsi çox vaxt həyati əhəmiyyət kəsb edən zaman eşidilmir”,- Ukrayna başçısı bildirib.
Zelenski hesab edr ki, əgər bu islahat artıq baş tutsaydı, bu gün dünya qlobal səviyyədə təkcə Rusiyaya deyil, istənilən aqressiyaya cavab verə bilərdi. Eyni zamanda, Zelenski vurğulayıb ki, Rusiya rəhbərliyi bəşəriyyətin tarixi inkişafının bütün nailiyyətlərini, o cümlədən beynəlxalq hüquq sistemini bir kənara ataraq, XIX əsrə və hətta ondan əvvəlki kimi həyata qaytarmaq istəyir.
“Rusiyanın təbliğat maşını bir çox başqa ölkələrdə olduğu kimi, sizin ölkələrdə də belə bir fikir yaymağa çox çalışır ki, guya Rusiyanın Ukraynaya qarşı müharibəsi NATO ilə bağlı bir şeydir. Burada Amerikanın rolu, Qərbin Avropada irəliləmək cəhdləri ilə bağlı dezinformasiyalar yayılır. Amma Rusiyanın Ukraynaya qarşı müharibəsi təkcə Avropaya aid deyil. Bu, qlobal əhəmiyyətli bir hadisədir”,- deyə Zelenski Asiya Sammitinin iştirakçılarına müraciət edərək bildirib.
Qeyd edək ki, bu fikirləri son illər boyunca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan israrla bildirir. O, dəfələrlə BMT-nin gücsüz, problemləri həll edə bilməyən bir quruma çevrildiyini dilə gətirib. Ərdoğanın məşhur "dünya 5-dən böyükdür" deyimi də BMT Təhlükəsizlik Şurasının yarıtmazlığına işarədir. ABŞ, Böyük Britaniya, Rusiya, Çin və Fransanın üzv olduğu BMT TŞ son illər ərzində heç bir münaqişəni həll edə bilməyib. Bu qurum 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul etsə də, əvvəl-axır bu qətnamələr icra edilmədi. Hazırda isə dünyanın təhlükəsizliyinə zəmanət verən 5-likdən biri, yəni Rusiya başqa bir ölkənin ərazisini işğal etməyə qalxıb. Digər üzv, Çin isə Tayvana hücum etmək üçün fürsət axtarır. ABŞ və Fransanın da dəfələrlə haqlı tərəfin deyil, haqsız tərəfin müdafiəsinə qalxdığına şahid olmuşuq.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Rusiya qoşunları əsas infrastruktur obyektlərini atəşə tutub və məhv edir, artilleriya, reaktiv sistemlər, aviabombalar və ballistik raketlərdən istifadə etməklə Ukrayna şəhər və kəndlərinin yaşayış məntəqələrini kütləvi atəşə tuturlar.
Türkan, Bizimyol.info