Türkiyə hakimiyyəti Ukrayna dəniz limanlarından taxıl ixracına maneələrin aradan qaldırılması üçün BMT-Türkiyə-Ukrayna-Rusiya Federasiyası formatında dördtərəfli görüşün keçirilməsini təklif edib.
Bizimyol.info xəbər verir ki, “Anadolu” xəbər agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Mövqeyimiz çox açıq şəkildə ifadə olundu, həm görüşün keçirilməsi məsələsi, həm də digər detallar ilə bağlı Rusiya tərəfindən cavab gözləyirik. Türkiyə bu məsələyə diqqət ayırmaqda davam etdirəcək”, - türkiyəli nazir bildirib.

O xatırladıb ki, bu yaxınlarda Ankarada səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla Ukraynanın Qara dəniz limanlarından taxıl tədarükü məsələsi ilə bağlı fikir mübadiləsi aparıb.
"Mən Lavrovun diqqətinə o fikri çatdırdım ki, Ukrayna limanlarından taxıl daşınması ilə bağlı BMT-nin planı ən düzgün variant hesab oluna bilər. Planın təfərrüaları qarşılıqlı görüşdə müzakirə olunmalıdır. Bu məsələnin ən düzgün həll yolu isə bu plandır", - deyə Türkiyə XİN rəhbəri bildirib.
"Türkiyə tərəfi Kremilə BMT-Türkiyə-Ukrayna-Rusiya Federasiyası formatında dördtərəfli görüşü təşkil etməyə hazır olduğunu bidirib. Bu, son nəticədə BMT-nin təşəbbüsüdür”, - deyə nazir bildirib.
Çavuşoğlu vurğulayıb ki, Qara dənizdən ixraca maneələrin aradan qaldırılması inkişaf etməmiş ölkələr üçün həyati əhəmiyyət kəsb edir.
Ukrayna mətbuatı daha əvvəl xəbər verib ki, iyunun 8-də məlum olub ki, Rusiya Türkiyə ilə Ukrayna limanlarından üzəcək taxıl daşıyan gəmilərin təhlükəsizliyini müzakirə etməyə hazırdır. Bununla belə, Rusiya Federasiyası Ukraynadan taxıl, günəbaxan və günəbaxan yağının daşınmasını təmin etmək müqabilində Rusiya mallarının ixracına maneələrin aradan qaldırılmasını tələb edir.
Qadir, Bizimyol.info