Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bina sakinləri ilə məktəbin 21 illik "yol" qalmaqalı
Bina sakinləri ilə məktəbin 21 illik "yol" qalmaqalı

Nəriman Nərimanov prospekti 203-də tikilib, istifadəyə verilmiş “21-ci əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” adlı özəl təhsil müəsisəsi bu tikili ətrafında yaşayan sakinlərin ciddi narahatlığına səbəb olur. Təhsil müəsisəsinin yaxınlığında yerləşən bina sakinləri qeyd edirlər ki, onların narahatlığına səbəb olan əsas məsələ səhər saatlarında bina önündə güclü tıxacın yaranması və onların öz avtomobillərini bina həyətindən çıxara bilməmələridir.

Bina sakini Mehriban Şirinova bu barədə redaksiyamıza şikayət edərək bildirib ki, problemlə bağlı yüzlərlə imza toplanılsa da, aidiyyəti qurumlar bu şikayət məktublarına baxmır və görməzdən gəlir: “Bu məktəb 21 ildir ki, fəaliyyət göstərir və biz də bina sakinləri olaraq 21 ildir ki, bu müəsisənin burada açılmaması, hətta məktəbin sökülməsi üçün mübarizə aparırıq. Ona görə ki, bu bina qanunsuz tikilib, yaşayış binalarının ortasında məktəb tikmək olarmı? Hər səhər tıxaca düşmüş maşınlar gəlib binamızın önündə keçir, siqnal səslərindən, yaranmış tıxacdan illərdir əziyyət çəkirik. Bu məktəbin sahibi Arif Qaraşov adlı biridir, hətta bir dəfə məhəllənin böyüklərini qəbul edib, onlara bu problem həll edəcəyini söz vermişdi, amma heçnə dəyişmədi. Məktəbin illik ödənişi on min manatın üzərindədir, məlumdur ki, burada sıravi vətəndaşların övladları təhsil almır. Həmin valideynlər də gətirib öz uşaqlarını bu məktəbə yola salırlar, sonra da saymazyana məhəllənin ortasından keçib gedir, çox zaman da bina önündə tıxaca səbəb olurlar. Bununla bağlı məhəllə sakinləri olaraq, yığışıb bina önünə şlaqbaum saldıq, ancaq FHN-dən gəlib sökdülər. Dedilər ki, BNA-ya müraciət edək, onlarlıq deyil. BNA da deyir ki, bu məsələyə Yol Polisi baxır. Bax, beləcə hər qurum bir-birinin üzərinə atır. Polis rəisinin də qəbulunda olmuşuq, bizə deyib: “Özünüzü yormayın, adam pulunu verib, tikdirib, onsuz da həll olunası problem deyil”. Məktəbin yuxarısında yerləşən bina da “rəssamlar binası” adlanır. Orda nə qədər rəssam, memar, incəsənət nümayəndələri yaşayır, ən azından, onlara hörmət olunmalıdır. Bu tikintidən onlar da narazıdırlar. Məktəb həm bu aşağı məhəllədə, həm də o binanın qarşısında ciddi tıxaca səbəb olur, aidiyyəti qurumlar buna baxmalıdır”.

Mehriban Şirinova onu da bildirib ki, ərazi əvvəllər yaşıllıq idi, indi tikinti işlərinin ucbatından ərazidə bir neçə ağac qalıb: “Buralar yaşıllıq idi, məktəb tikilməmişdən öncə nə qədər ağac kəsildi. İndi bina sakinləri olaraq bir balaca yerimiz qalıb, oranı da əlimizdən alıb, məktəbə qatacaqlar, stadion etmək fikrindədirlər. Məktəbin sökülməsini istəyirik, bu müəsisə sökülsə, bütün problem öz həllini tapacaq. Bizə deyirlər ki, hara şikayət edirik, edək, heç kimin vecinə deyil. Ancaq biz qərarlıyıq, haqqımızı tələb edirik. Bura yaşayış yeridir, yaşayış yerinin ortasında məktəb açıb, insanların narahatlığına səbəb olanlar, qanunlara hörmətsiz yanaşanlar cəzalandırılmalıdır. Amma bu insanlara heçnə təsir etmir”- deyə, bina sakini bildirib.

Problemlə əlaqədar adıçəkilən təhsil müəsisəsində fəaliyyət göstərən işçilərin də fikirlərini aldıq. Məktəb binasının təhlükəsizliyindən məsul əməkdaşı Elxan bəy redaksiyamıza bildirib ki, bina sakinlərinin bir təhsil müəsisəsi ilə belə düşmənçilik aparması anlaşılmazdır: “Burada tikilən obyekt bir təhsil müəsisəsidir və 2001-ci ildəndir fəaliyyət göstərir, vətəndaşlarımızın övladları burada təhsil alır, yəni burada hər hansısa zərərli vərdişlər formalaşdıran, yaxud əxlaqdan kənar davranışlar sərgiləyən bir müəsisə olsaydı, sakinləri anlamaq olardı. Ancaq bura qeyd etdiyimiz kimi bir məktəbdir, insanlara təhsil verir, bir təhsil müəsisəsinin sökülməsini tələb etmək, o müəsisəsinin sahibinin kim olmasından asılı olmayaraq, ən azından, barbarlıq olardı. Bina sakinləri rəssamlar, memarlar və başqa incəsənət xadimləridirlərsə, əksinə, onlar da bu işdə maraqlı olmalıdırlar ki, təhsil müəsisəsi açılsın, hətta daha da inkişaf etsin. Biz burda heç kimə nə narahatlıq veririk, nə də maneçilik törədirik. Hətta təhlükəsizlik əməkdaşlarımız burda bir neçə dəfə “patı, kakos” qəbul edənlərin maşınlara, digər obyektlərə zərər vurduğunu, şüşəsini sındırdığını görüb, qarşısını alıb. O maşınlar da, obyektlər də elə həmin bu şikayətçi bina sakinlərinə məxsusdur. Hətta biz tıxac problemini həll etmək üçün məktəbin aşağısından keçən yolda bir maşın parklama yeri də açmışıq ki, səhərlər sakinlər maşın səsindən narahat olmasınlar. Uşaqların valideynləri də ki, övladlarını məktəbə buraxmaq üçün maşınlarını 10 dəqiqəlik saxlayırlar, daha sonra çıxıb gedirlər. Bunu bu qədər böyüdəcək nə var ki? Paytaxtın bir çox yerində məktəblə yaşayış binaları iç-içədir, heç kim də narazılıq etmir. Qaldı ki, bu məktəbin “qanunsuz” tikilməsinə, elə bir şey yoxdur. Burada təhsil müəsisəsinin açılması üçün bütün aidiyyəti qurumlardan icazə alınıb. Hətta FHN tərəfindən binadan təxliyə planı barədə xəritə də verilib, əgər qanunsuz olsaydı, bu, bizə verilərdimi? Şlaqbaumu da FHN-in əməkdaşları çıxarıblar. Ona görə ki, sakinlər burada qanunsuz şlaqbaum qoymuşdular, əgər bir yanğın hadisəsi baş versə, yanğınsöndürən maşınlar məktəb həyətinə necə daxil ola biləcəklər? Uşaqları necə təxliyə edərik? Bütün bunlar düşünülməlidir. 21 ildir fəaliyyət göstərən bu məktəbi indi bu binada yaşayan hansı sakin özünə maşın alsa, tez gedib şikayət edir. Şikayətçilərin çoxu da maşını olanlardır ki, onlar da sonradan maşın alıblar. Hətta bu məktəbdə öz övladını oxudan bina sakinləri belə var. Onların da bəziləri sonradan məktəbin varlığından narazılıq ediblər”.

Özəl təhsil müəsisəsinin nümayəndəsi onu da qeyd edib ki, ərazidə ağac kəsilməyib, əksinə, yaşıllıqlar salınıb: “Məqsədimiz buranı abadlaşdırmaqdır, park və stadion salınacaq. Həmin yerlərdən bu binanın sakinləri, onların övladları da istifadə edə biləcək. Biz burda heç kimlə düşmənlik etmək niyyətində deyilik. Əgər burda məktəb yox, başqa arzolunmaz obyektlər olsaydı, bina sakinlərini anlamaq olardı. Təhsil müəsisəsini qapatmaq, məktəb sökmək alqışlanası davranış deyil”.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »