Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yayın təhlükələrindən qorunmaq üçün necə qidalanmaq lazımdır...
Yayın təhlükələrindən qorunmaq üçün necə qidalanmaq lazımdır...

Çox isti hava müəyyən həddən sonra insan sağlamlığını təhlükə altına qoyur. İstidə bütün orqan və sistemlərin (xüsusilə ürək-damar, tənəffüs, endokrin, sidik ifrazı və s.) yüklər artır. Bu da onların işini çətinləşdirir.

Belə bir vəziyyətdə sağlamlığı qorumaq üçün mütəxəssislərin bəzi tövsiyələrinə əməl etmək lazımdır. Dietoloq Samir Quliyev Bizimyol.info-ya bildirib ki, isti havalarda ilk növbədə qəbul edilən qidaların miqdarı azaldılmalıdır.

“Daha tez-tez, gündə 4-5 dəfə və ya daha az yeyin və yemək hissələrini azaldın. Qida rasionunuzda qatıq, ayran, pendir kimi süd məhsullarının miqdarını artırın. Bu məhsullar isti havalarda pozulan orqanizmin turşu-qələvi balansını bərpa edir”,- deyə dietoloq bildirib.

Alimlərin fikrincə, orqanizmin turşu-qələvi tarazlığının pozulması və daha çox turş olması bir çox xəstəliklərin, xüsusilə də xərçəngin yaranmasının əsas səbəblərindən biridir. Yeməyinizdə daha çox meyvə, tərəvəz, göyərti və daha az ət olmalıdır. Meyvə-tərəvəz və göyərti də pozulmuş turşu-qələvi balansını bərpa edir.

“Gün ərzində təmiz qazsız su için. Su soyuq olmamalıdır. Spirtli içkilərdən imtina edin. Daha az ədviyyatdan istifadə edin. Ədviyyatlar qan dövranını və maddələr mübadiləsini sürətləndirir, bədənə istilik verir”,- deyə o əlavə edib.

Dietoloq qeyd edir ki, yayın isti günlərində suya olan ehtiyacı ödəmək üçün bol su ilə zəngin meyvə və tərəvəzlər qəbul etmək lazımdır. “Xiyar, pomidor, kahı, qovun, qarpız kimi qidalar yayda isti havalarda qidalanma üçün önəmlidir. Meyvə və tərəvəzləri nizamlı və bol istehlak etməklə yay aylarında rastlaşdığınız infeksiyalara qarşı bədən müqavimətinizi artıra bilərsiniz. Səhər yeməyindən başlayaraq hər dəfə ac hiss etdiyimiz zaman xiyar, pomidor, kahı, cəfəri kimi tərəvəzləri, həmçinin zeytun yağlı lobya, salat kimi yüngül yeməkləri istehlak etmək faydalı olacaq. Üstəlik, lif mənbəyi olan bu qidalar həm də yayda həzm sisteminin düzgün işləməsinə kömək edəcək”,- deyə o qeyd edib.

Mütəxəssis bildirir ki, yeməkləri hazırlayarkən mümkün qədər az yağlı və yüngül olmasına diqqət etmək lazımdır. “Yağla zəngin qidaların yay istisində həzm olunması daha çətin olur. Yağ və karbohidratlarla zəngin qidalar maddələr mübadiləsinin daha yavaş işləməsinə səbəb olur. Bu zaman özünüzü ləng, yorğun hiss edə bilərsiniz və daha çox susayacaqsınız. Buna görə də qızardılmış yeməklərdən və xəmir yeməklərindən uzaq durmaqda fayda var".

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »