Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Simonyanın saytı niyə Azərbaycanda sərbəst şəkildə işləyə bilir?
Simonyanın saytı niyə Azərbaycanda sərbəst şəkildə işləyə bilir?

“Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika saytın mətbuat mərkəzinin prodüseri və onun həyat yoldaşı Pavel Antonovun Azərbaycanda iş icazəsinin vaxtının uzadılmasına imtina edilib. Yəni bu iki şəxsin müvəqqəti yaşama icazələri ləğv edilib.

Əslində bu iki şəxs hələ Əziz Əliyev dövründə vəzifəyə Marqarita Simonyan tərəfindən təyin edilmişdi. Ona görə ki, hətta Əziz Əliyev də Simonyanın bəzi qərarları ilə razılaşmır və tələb edilən yazıları saytda yerləşdirməkdən imtina edirdi. Əziz Əliyev uzun müddət idi ki, Azərbaycanda olduğu üçün azərbaycanlılara qaynayıb qarışmış və ondan tələb edilən yazıların cəmiyyət tərəfindən necə qarşılanacağını yaxşı bilir və sakitliyi qorumaq üçün əlindən gələni etməyə çalışırdı. Xeyr! Yanlış anlamayın, məqsəd Əziz Əliyevi müdafiə etmək deyil. Bir deyim var ki, "hər zaman imam üçün ağlayanda yezidi də bir dəfə xatırlamaq lazımdır".

Əziz Əliyevin işdən azad edildikdən sonra Sputnik Azərbaycan İnformasiya Agentliyinin rəhbərliyinə Simonyanın öz yaxını olan Vitali Denisovu gətirməsi sübut edirdi ki, Əziz Əliyev Moskvanın, xüsusilə Simonyanın tapşırıqlarını layiqincə yerinə yetirmir. Simonyana isə, gözünü bağlayıb, ağzını açan, Azərbaycan ictimaiyyətinin, Azərbaycan hökumətinin rəyinə önəm verməyən birisi lazım idi. Məhz elə bu səbəbdən də əvvəlcə yuxarıda adları çəkilən şəxsləri Sputnik Azərbacana göndərdi. İstəklərinə nail ola bilməyən Simonyan Azərbaycandakı agentlərinin gücünə güc qatmaq üçün Denisovu Əziz Əliyevin yerinə vəzifəyə gətirdi. Və beləcə, Simonyanın agentləri özünə Bakının düz mərkəzində yer edə bildi. Adları çəkilən iki Belarus vətəndaşı bir il idi ki, Azərbaycanda idi. Bəli, bu şəxslər də tapşırıqlarını tam yerinə yetirə bilmədilər. Azərbaycan Miqrasiya Xidməti növbəti bir ildə Azərbaycanda anti-Azərbaycan təbliğatı aparmaq üçün onlara yaşama və çalışma icazəsi vermədi. Amma bu hələ son deyil. Çünki sözün əsl mənasında “çibanın başı” yerindədir. Vitali Denisovu deyirəm. Və bundan sonra Azərbaycandan göndərilən o iki redaktorun yerinə kimlərin təyin ediləcəyi də sual altındadır.

  • Bəlkə Simonyan Denisov kimi yaxınlarından birini gətirəcək?
  • Kim buna zəmanət verə bilər?

Əslində Miqrasiya Xidmətinin bu şəxslərin Azərbaycanda müvəqqəti yaşama icazəsini ləğv etməsini, bundan öncə isə RİA Novostinin Azərbaycan üçün bağlanmasını Simonyana və Rusiya rəhbərliyinə bir xəvərdarlıq kimi qəbul etmək lazımdır. Əgər başa düşsələr. Buna da inanmıram.

Azərbaycan tərəfindən növbəti addım nə olacaq - bu da sual altındadır. Çünki görünən odur ki, Azərbaycan ictmaiyyətinin etirazlarına baxmayaraq, Sputnik Azərbaycanı bağlaya biləcək bir qüvvə hələ də yoxdur. Ya da Simonyanın Azərbaycandakı hamisi o qədər güclüdür ki, bizim səsimizi batıra bilir. Bəlkə kənardan bu etirazlara baxıb gülürlər də… Nə bilmək olar.

Məncə, Sputnik Azərbaycanı bağlamağa gücümüz çatmırsa, Vitali Denisovun Azərbaycandan göndərilməsinə etiraz edə bilərik. Niyə Azərbaycanda fəaliyyət göstərən bir agentliyə hansısa bir əcnəbi və ya Simonyanın sağ əli rəhbərlik etməlidir ki? Sputnik Azərbaycanın fəaliyyəti bu qədər vacibdirsə, rəhbərlik postuna dövlət səviyyəsində biri təyin edilə bilər. Bu zaman agentlik Rusiyanın diqtəsi ilə deyil, Azərbaycanın nəzarəti ilə fəaliyyət göstərə bilər.

Etiraz edirsiniz, Rusiyanın təbliğat maşını deyirsiniz… Etiraf edək ki, bütün anti-Azərbaycan yazılar məhz agentliyin rusca versiyasında toplanır. Burada da məqsəd rusdilli təbəqənin diqqətini toplamaqdan ibarətdir. Bəlkə agentliyi birdəfəlik bağalamağa gücümüz çatmırsa, rusca versiyasının ləğv edilməsini tələb edək?

Sputnik Azərbaycan mövzusu elə bir mövzudur ki, saatlarla yazmaq olar. Orada keçmişdə çalışanların etirazları, bu gün çalışanlardan istefa tələbi və s… Reallığı görmək üçün sadəcə, bir az açıq gözlə baxmaq lazımdır… Kütlə psixologiyasından uzaq olub, məsələni fərdi şəkildə çözmək lazımdır…

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »