Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Komitəsi BMT-nin TMİ ilə fəal əməkdaşlıq edir
Gömrük Komitəsi BMT-nin TMİ ilə fəal əməkdaşlıq edir

İyunun 10-da “Dövlət Gömrük Komitəsi ilə təmsil olunan Azərbaycan Respublikasının Hökuməti və BMT-nin Terrorla Mübarizə İdarəsi ilə təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Anlaşma Memorandumu” imzalanıb.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Onlayn formatda keçirilən imzalanma mərasimində BMT Baş katibinin terrorla mübarizə üzrə müavini, Terrorla Mübarizə İdarəsinin rəhbəri Vladimir Voronkov çıxış edərək təmsil etdiyi qurumla Azərbaycan arasında əlaqələrdən bəhs edib və memorandumun imzalanması ilə nəticələnən səmərəli əməkdaşlığa görə Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib.

BMT rəsmisi Azərbaycanın Terrorçuların Səyahətinin Qarşısının Alınması Proqramının uzunmüddətli və mötəbər benefisiarlarından biri olduğunu vurğulayıb, həmin proqram çərçivəsində milli qanunvericilik bazasının formalaşdırılması, Sərnişin Məlumat Mərkəzinin fəaliyyətə başlaması, texniki dəstəyin göstərilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, əməkdaşların potensialının gücləndirilməsi istiqamətində təlimlərin keçirilməsi və digər sahələrdə əməkdaşlıqdan bəhs edib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BMT ilə Azərbaycan, eyni zamanda təşkilatın aidiyyəti qurumları ilə Dövlət Gömrük Komitəsi arasında müxtəlif sahələrdə, o cümlədən təhlükəsizliyin təmin olunması, terrorçuluğa və transmilli cinayətkarlığa qarşı mübarizə istiqamətində səmərəli əməkdaşlığın qurulduğunu bildirib.

Komitə sədri vurğulayıb ki, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət ölkə iqtisadiyyatını sürətlə inkişaf etdirməklə yanaşı, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına da mühüm töhfə verir.

Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə tarixi ədaləti bərpa etməklə yanaşı, sülhün və inteqrasiyanın gücləndirilməsi, region dövlətlərinin gələcək iqtisadi inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.

Səfər Mehdiyev bildirib ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi son illər ölkə ərazisinə sərnişin və mal axınlarının artmasına səbəb olub. Bu da, öz növbəsində təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması və müvafiq dövlət nəzarəti mexanizmlərinin daha keyfiyyətli şəkildə həyata keçirilməsi üçün risk idarəçiliyinə əsaslanan texnologiyaların tətbiqinə tələbatı artırıb.

Komitə sədri vurğulayıb ki, müasir dövrün çağırışlarına cavab verən yeniliklər funksional idarəçiliyin həyata keçirilməsində də xüsusi əhəmiyyət kəsb edir, Dövlət Gömrük Komitəsi qabaqcıl texnologiyaların tətbiqi və təcrübələrin öyrənilməsi baxımından beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük diqqət ayırır.

Qeyd olunub ki, hazırda BMT-nin Terrorla Mübarizə İdarəsinin Terrorçuların Səyahətinin Qarşısının Alınması Proqramı çərçivəsində Azərbaycan Respublikasının timsalında Dövlət Gömrük Komitəsi və BMT-nin timsalında Terrorla Mübarizə İdarəsi arasında fəal əməkdaşlıq həyata keçirilir və Dövlət Gömrük Komitəsi bu sahəyə xüsusi önəm verir.

DGK - BMT

Komitə sədri onu da bildirib ki, sözügedən sahədə əməkdaşlığın səmərəliliyinin artırılması və aparılan işlərin strukturlaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığının icrası çərçivəsində “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemləri üzrə Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə işçi qrup formalaşdırılıb və həmin işçi qrup öz fəaliyyətini uğurla davam etdirir.

Səfər Mehdiyev Sərnişin Məlumat Mərkəzinin formalaşdırılması, əməkdaşların potensialının gücləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi istiqamətində əməkdaşlıqdan bəhs edib, görülən işlərə və verilən dəstəyə görə BMT-nin Terrorla Mübarizə İdarəsinə təşəkkürünü bildirib.

Daha sonra onlayn şəkildə “Dövlət Gömrük Komitəsi ilə təmsil olunan Azərbaycan Respublikasının Hökuməti və Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi ilə təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Anlaşma Memorandumu” imzalanıb.

Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və BMT Baş katibinin terrorla mübarizə üzrə müavini, Terrorla Mübarizə İdarəsinin rəhbəri Vladimir Voronkov imzalayıblar.

Qeyd edək ki, imzalanan memorandum tərəflər arasında “Sərnişinlərə dair ilkin məlumat” (APİ) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsinə, birgə fəaliyyət mexanizmlərinin işlənib hazırlanmasına öz töhfəsini verəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »