İsveçrə Avropa İttifaqının (Aİ) Rusiya və Belarusa qarşı neft embarqosu da daxil olmaqla altıncı sanksiyalar paketi ilə bağlı qərarını dəstəkləyib.
Bizimyol.info xəbər verir ki, belə bir qərarı cümə günü İsveçrə hökumətinin Federal Şurası qəbul edib.
“Federal Şura iyunun 10-da bu tədbirləri tətbiq etmək qərarına gəlib və Federal İqtisadiyyat Departamentinə Ukraynadakı vəziyyətlə adekvat olaraq atılan addımlarla bağlı fərmanı uyğunlaşdırmağı tapşırıb”, – hökumətin saytında yerləşdirilən bəyanatda deyilir. İqtisadiyyat Departamentinin İsveçrənin sanksiyalar siyahısına Rusiya və Belarusun 100-dən çox fiziki şəxs və təşkilatlarının daxil etdiyi həmçinin bu siyahının “Aİ siyahısına tam uyğun olduğu” vurğulanır.
Berndə xatırladıblar ki, Aİ sanksiyalarının altıncı paketinə Rusiyadan xam neft və bəzi neft məhsullarının idxalına qoyulan embarqo daxildir. Bundan əlavə, həmin ölkələrin maliyyə sektorunda müəssisələrə audit və konsaltinq xidmətlərinin göstərilməsi də qadağandır.
İyunun 3-də Aİ Şurası Rusiya Federasiyasına qarşı növbəti, altıncı sanksiyalar paketini, o cümlədən neft və neft məhsullarının dənizlə tədarükünə təxirə salınmış embarqonu qəbul edib. Aİ ölkələri arasında altıncı paketlə bağlı müzakirələr təxminən bir aya yaxın davam edib.
Aİ-nin üzvü olmayan İsveçrə əvvəllər tutduğu bitərəf statusuna baxmayaraq, Rusiya Federasiyasının Ukraynada keçirdiyi "xüsusi hərbi əməliyyat"la əlaqədar Avropa İttifaqının Moskvaya qarşı elan etdiyi digər sanksiyaları dəstəkləyib.
Martın 7-də Rusiya hökuməti onun şirkətlərinə, vətəndaşlarına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiqləyib.
Bu siyahıya İsveçrə Konfederasiyası da daxildir.
Qadir, Bizimyol.info