Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp dövlət çevrilişinə cəhddə ittiham olunur
Tramp dövlət çevrilişinə cəhddə ittiham olunur

3 Noyabr 2020-ci ildə ABŞ-da keçirilən seçkilərdən sonra ABŞ Konqresinin 6 yanvar 2021-ci il tarixdə seçki nəticələrinin təsdiqinə həsr olunmuş iclası ilə bütün dünyanı şoka salan hadisə indi də davam edir. “Qanlı konqres basqını” kimi tarixə düşən hadisələrdən sonra açılan məhkəmə prosesi bu gün başlasa da, o zaman ABŞ prezidenti olan və bu vəzifəni Co Baydenə təhvil verən Donald Trampa qarşı ciddi ittihamlar səslənib.

Bizimyol.info xəbər verir ki, 6 yanvar 2021-ci ildə ABŞ Konqresinə basqınla bağlı məhkəmə prosesi başlayıb. Demokratların rəhbərliyi ilə yaradılan komitədə ABŞ-ın keçmiş prezidenti Donald Trampın bu basqını koordinasiya edərək "dövlət çevrilişi" planlaşdırdığı iddia edilir. Respublikaçılar Partiyasından olan komitə sədrinin müavini Liz Çeyni ABŞ-ın keçmiş prezidenti Trampın hücumu alovalandırdığını bildirib. Demokratlar Partiyasından Bennie Tompson da hücumun Amerika demokratiyasını təhdid etdiyini qeyd edib.

Məlumata görə, təxminən bir il davam edən araşdırmadan sonra Demokrat Partiyasının rəhbərlik etdiyi komitə Konqresə basqınla bağlı dinləmələrə başlayıb. Keçmiş baş prokuror Bill Barrın Trampın “seçkinin oğurlanması” iddiasının əsassız olduğunu dediyi video ilk izlənilənlər arasında olub. "Seçki korrupsiyası iddiasını heç bir elmi dəlillə dəstəkləməyən bir administrasiyanın yalnız öz fikirlərinə əsaslanaraq hakimiyyətdə qaldığı bir dünyada yaşaya bilmərik",- deyə Barr bildirib.

Məlumata görə, dinləmələrdən sonra üzvlərin hesabat hazırlaması və sentyabrda keçiriləcək yeni dinləmə ilə nəticələri ictimaiyyətə açıqlaması gözlənilir.

Komitəyə rəhbərlik edən Bennie Thompson deyib: "6 Yanvar hökuməti devirməyi planlaşdıran çevriliş cəhdinin son həlqəsi idi. Zorakılıq təsadüfi deyildi. Bu, Trampın son çarəsi idi".

Liz Çeyni isə bu sözləri söyləyib: "Konqres binamızı zəbt edən və hüquq-mühafizə orqanları ilə saatlarla toqquşanları prezident Trampın dedikləri motivasiya edirdi. Onlar seçkilərin onlardan oğurlandığını və Trampın prezident olması lazım olduğunu düşünürdülər. Bu kütləni hərəkətə keçirən, toplayan və bu hücumu alovlandıran Trampdır”.

Qeyd edək ki, komitə dinləmələrə başlamazdan əvvəl Donald Tramp bunu “siyasi hiylə” adlandırıb.  Onu da əlavə edək ki, bu ay komitədə daha beş dinləmənin keçirilməsi gözlənilir.

Xatırladaq ki, Donald Tramp 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində yenidən namizəd olmaq barədə düşünür. Bu kontekstdə o, əvvəlki seçkilərin saxtalaşdırılması ilə bağlı əsassız iddialarını səsləndirməkdə davam edir.

Məlumat üçün bildirək ki, ABŞ Konqresinin reydi zamanı 4 nəfər ölüb, 100-dən çox polis əməkdaşı yaralanıb. Donald Tramp 2021-ci il yanvarın 6-da Konqresə hücumu təhrik etdiyinə dair iddialara görə səlahiyyət müddətinin bitməsinə bir həftə qalmış impiçment elan edilib. Bununla belə, Senatda keçirilən səsvermədə 57 senator Trampın məhkum edilməsinin lehinə, 43 senator isə onun məhkum edilməsinin əleyhinə səs verib və impiçment işində Tramp bəraət qazanıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »