Rusiyaya qarşı neft sanksiyalarına qatılaraq ABŞ-ı razı salmağa çalışan Afina, yunan gəmi sahiblərinin təzyiqindən sonra geri çəkilib.
Bizimyol.info xəbər verir ki, Moskva və Tehranın sərt reaksiyası ilə Afina administrasiyası 2 ay ərzində iki dəfə çevriliş etməli olub. Belə ki, Rusiya ilə böhran Yunan tərəfinin aprelin 15-də Afina yaxınlığındakı Euboea adasında qəzaya uğrayan Rusiyanın “Pegas” tankerini ələ keçirməsi ilə başlayıb. Yunanıstan yerli məhkəmənin (Çalkidə şəhər məhkəməsi) qərarını yerinə yetirərək gəmini “AB və NATO sanksiyaları altında” olduğu əsası ilə ələ keçirib.
Bir neçə gün sonra həmin məhkəmə Rusiya tankerinin bir ay əvvəl sanksiyalar siyahısında olmayan bir Rusiya şirkətinə satıldığını əsas gətirərək, əvvəlki qərarını ləğv edib və gəminin yoluna davam etməsinə icazə verib. Bu dəfə ABŞ Yunanıstandan gəmidəki 107 min ton İran neftinin ələ keçirilməsini tələb edib. Üstəlik, Rusiya tankerindəki neftin başqa gəmilərə boşaldılaraq ABŞ-a göndərilməsini istəyib. Halbuki ABŞ-ın İran neftinə tətbiq etdiyi embarqo Aİ ölkələrində keçərli deyildi.
İran Xarici İşlər Nazirliyi isə Afinaya sərt etiraz notası verərək "Yunanıstan hakimiyyətinin etdikləri beynəlxalq quldurluqdur" deyə bildirib.
Bundan sonra İran İnqilab Keşikçiləri mayın 27-də Bəsrədə üzən “Delta Poseidon” və “Ehtiyatlı Döyüşçü” adlı 2 Yunanıstan tankerini də buna səbəb kimi “körfəz sularında pozuntuları” göstərərək ələ keçirib.
Sözügedən 2 gəmidə 9-u Yunanıstan və 1-i Kipr vətəndaşı olmaqla, ümumilikdə 36 ekipaj üzvü qapalı vəziyyətdə qalıb. Hələ də Fars körfəzində Yunanıstan bayrağı altında üzən 17 gəminin olması, gəmi sahiblərinin hökumətə təzyiqləri və İranın geri addım atmaq fikrində olmadığının anlaşılması Yunanıstanı ikinci dəfə dönməyə məcbur edib.
Bu dəfə Halkida məhkəməsi Yunanıstan vasitəçi firmasının tələbini qəbul edib və İran neftinin ələ keçirilməsi ilə bağlı əvvəlki qərarını ləğv edib. Əslində bu günə təyin olunan məhkəmə tələsik 2 gün əvvəl başqa yerə köçürülüb. İndi başqa gəmilərə boşaldılan İran nefti yenidən Rusiya bayraqlı tankerə daşınacaq. Yunanıstan hakimiyyətinin isə ümidi ondan ibarətdir ki, İran ələ keçirilən Yunanıstan bayraqlı 2 tankeri azad edəcək.
Leyla, Bizimyol.info