Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkənin kondisioner monopoliyası: "Şirin reklamlara aldanmayın"
Ölkənin kondisioner monopoliyası: "Şirin reklamlara aldanmayın"

Qlobal istiləşmənin getdikcə kəskinləşdiyi bir dövrə artıq keçən ildən etibarən daha ciddi bir sürətlə keçirik. Hava mütəxəssislərinin verdiyi məlumatlara görə, qarşımızdakı on il ərzində hər yay fəslində temperatur dərəcəsi bir dərəcə artacaq. Hava temperaturunun pik həddə çatdığı bu zamanlarda insanların üz tutduqları iqlim texnikalarının başında ilk öncə kondisionerlər gəlir. Təbii ki, bu proses Azərbaycanda da baş verir. Ancaq necə?

Yay fəslinin daxil olmasına bir-iki ay qalmış, bir çox iri mağazalar kondisionerlərlə bağlı ciddi şəkildə reklamlar, qiymət dəyişiklikləri nümayiş etdirir, fürsətdən istifadə edərək, müştəri toplamaq istəyirlər. Əlbəttə ki, bu, ticarətin bir növüdür. Yaxşı, gəlin görək, “sudan ucuz” olan bu kondisionerlərin mənbəyi hansı ölkələrdir? Burda qiymətlər hansı aralıqlardadır? İnsanlarımız nə üçün həmin mağazalara üz tutub, çox zaman əliboş qayıtmalı olurlar?

Məsələ ilə əlaqədar paytaxtda yerləşən bir neçə iri məişət əşyaları satan mağazalarda oldum. Paytaxtın “gözəbatan” bu mağazalarında müxtəlif ölkələrin istehsalı olan kondisionerlər var ki, bunların da başında həm keyfiyyətcə, həm də qiymətcə daha yuxarı olan Cənubi Koreya istehsalı olan məhsullar gəlir. Bu kondisionerlərin 80-85 m2-i iki min yeddi yüz manatın üzərindədir. Həmin ölkə istehsalı olan, ancaq başqa ölçülərdə olan məhsulların qiymətləri də çox zaman heç iki min manatdan aşağı düşmür. Nağd alış zamanı üç yüz manat endirim təklif olunsa da, yəqin ki, hər kəs cibində iki min manat nağd vəsaitlə gəzmir (əgər ölkənin keçmiş Baş Qərargah rəisi deyilsinizsə - M.Ş).

Növbəti yerləri xüsusilə Çin istehsalı olan kondisionerlər tutsa da, Türkiyə, Yaponiya və Almaniya firmalarının istehsal etdiyi məhsullar da az deyil. Kondisionerlər “sadə” və “inverter” olmaqla iki yerə bölünür. “İnverter” motorlu kondisionerlər digərlərinə nisbətən baha satılır və bu iki növ kondisioner arasında qiymət fərqi heç də az deyil. Məsələn, Türkiyə istehsalı olan “inverter” motorlu kondisionerin 40-45 m2-i həmin firmanın 60-65 m2-nin qiymətinə bərabər, bir çox yerdə isə daha da yuxarıdır. Mağaza rəhbərliyi və satıcılar bu məhsulların sırf həmin ölkənin özündə istehsal olunduğunu desələr də, qiymət aralığındakı yüksək fərqdən və keyfiyyətdən “sadə” motorlu kondisionerlərin Çin istehsalı olduğunu anlamaq elə də çətin olmur. Elə Türkiyə firmalarının məhsullarından söhbət düşmüşkən, istərdim, həmin məhsulların öz ölkəsindəki qiymətlərindən də yazım. Azərbaycanda 1500 manatdan başlayan 40-45 m2 ölçülü kondisionerlər Türkiyədə bizim valyuta ilə 850-1000 manat arası dəyişir. Yəni Azərbaycanda həmin məhsul nə az, nə çox, düz 600 manat baha satılır. Təbii ki, məhsullardan Cənubi Koreya istehsalı olanlar daha bahalıdır. Məsələn, bu kimi məhsulların 30-35 m2-i 1400 manatdan başlayır, halbuki, həmin ölkədə o məhsulun öz qiyməti bizim valyuta ilə heç 400 manat deyil. Çin istehsalı olan kondisionerlərə isə həm maraq, həm də etibar yoxdur. Alıcılar məhsulun Çində istehsal olunduğunu öyrənəndə, çox zaman imtina edir, həmin malların keyfiyyətsiz olduğunu qeyd edirlər. Bəs haqlıdırlarmı? Bunu elə müştərilərdən birinin fikri ilə tamamlayaq: “Bu mağazalarda gördüyünüz bütün “sadə” motorlu kondisionerlər üzərində hansı firma yazılır, yazılsın, hamısı Çin istehsalı məhsullardır. Bunlara mağazalar bir il zəmanət verir, amma “inverter” motorlu kondisionerlərə isə verilən zəmanət əsasən 2-3 ildir. Çünki həmin məhsul Çində yox, firmanın məxsus olduğu ölkədə hazırlanır. Baxmayaraq ki, Çin istehsalı olan məhsullar daha çoxdur, heç onların da qiyməti münasib deyil, hamısı “od tutub, yanır””.

Könül istərdi ki, “sərin olsun, sənin olsun” ifadəsi, elə sözdə olduğu kimi, real həyatda da “sərin” və əlçatan olardı. Amma elə deyil. Havaların istiləşməsini fürsətə çevirən bir çox işbaz mağazalar süni yollarla qiymət artımına yol verirlər, buna isə nəzarət edən aidiyyəti orqan yoxdur.

Mağazaya daxil olub, əliboş çıxan bir çox alıcı var, onlar da qiymətlərdən narazıdır. Bəziləri bu əlyandıran qiymətlərin səbəbkarlarının mağazalar yox, iri monopolist məmurlar olduğunu bildirir. Məlumata görə, ölkəyə daxil olan kondisionerlər hansısa oliqarx məmurun monopoliyası altındadır və ölkəyə bu məhsulları yalnız onun şirkəti gətirə bilər. Burada isə Gömrük Xidmətinə verilməli ciddi suallar yaranır.

Alıcılardan biri bildirir ki, nə qiymətlərə, nə də şirin reklamlara heç kim aldanmasın: “Reklamlar, üzərində yüksək məbləğdə endirim yazan məhsullar şirnikləndirici xarakter daşıyır, əslində isə belə deyil. Mən məhsulu kreditlə götürmək istəyirəm, ancaq məndən beş mobil və iki ev nömrəsi istəyirlər. Əlavə olaraq da, iş yerindən arayış və zamin duran şəxs. Ancaq etdikləri reklamlara baxsanız, görəcəksiniz ki, yazılıb: “”ilkin ödənişsiz, tək şəxsiyyət vəsiqəsi ilə qeydiyyat”. İlkin ödəniş də tələb olunur, başqa sənəd və nömrələr də. Heç biri həqiqət deyil. Ölkədə azad ticarət, rəqabət aparılmasına imkan verilmir Ona görə qiymətlər bu gündədir. Hər məhsulu ölkəyə bir məmur gətirir. Get, Türkiyədən on ədəd kondisioner gətir, görüm, icazə verəcəklər satmağına? Elə rüsumlar qoyacaq, elə çətinliklər yaradacaqlar ki, astarı üzündən baha çıxacaq”.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »