Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təmizlənmə işləri hansısa oliqarxın şəxsi çimərliyində aparıla bilər"
"Təmizlənmə işləri hansısa oliqarxın şəxsi çimərliyində aparıla bilər"

İyun ayının 15-dən ölkədə çimərlik mövsümü başlayacaq. Hər il olduğu kimi bu il də müvafiq qurumlar - Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri çimərlik suyundan nümunələr götürür. Və laboratoriyalarında dəniz suyunun keyfiyyət göstəricilərini araşdırırlar. Buna uyğun olaraq da, hansı çimərlik ərazilərində daha çox bioloji və kimyəvi çirklənmənin olduğu müəyyən edilir.

Bu günlərdə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, vətəndaşlar Xəzər, Sabunçu və Binəqədi rayonları ərazisindəki çimərliklərdən istifadə edə bilərlər. Çünki Qaradağdakı Sahil, Səbaildəki Şıx çimərliyi, Hövsan və Türkan çimərliklərində külli miqdarda bakteriya aşkarlanıb.

Qeyd edək ki, təkcə Bakı və Sumqayıt ərazisində 230-dan çox çimərlik əraziləri var. Və hər il də monitorinqlər aparılır və müəyyən yerlərin çimmək üçün əlverişli olmadığı açıqlanır. Maraqlısı budur ki, bu çimərliklərdə olan problemlər sadəcə araşdırılır və problemlərin aradan qaldırılması üçün hərhansı bir iş görülmür. Dəniz suyunun təmizliyi ancaq çimərlik mövsümündə yada düşür. Başqa zaman isə, Hövsan kanalı və digər qəsəbələrdə kanalizasiya suları dənizə axıdılır, dəniz çirkləndirilir. Bunu edənlər isə, uzaqbaşı cərimə ilə canlarını qurtara bilirlər.

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, çimərliklərin ekoloji vəziyyəti Xəzərin vəziyyətinə bağlıdır. Xəzər özü istər neft tullantıları, istərsə də sahilboyu olan fabrik, zavod, digər müəssisələrin kanalizasiya sularının təmizlənmədən axıdılması nəticəsində çox çirklidir.

Qorxmaz İbrahimli Qorxmaz İbrahimli

“Çimərliklərin yaxınlığında kanalizasiya sularının təmizlənmədən axıdılması, istər-istəməz çimərliklərə təsir edir. Digər məsələ Xəzərin sularının təmizlənməsi ilə məşğul olan qurumlar var. Onlar "sözdə" bu təmizləmə işlərini görürülər. Amma reallıqda heç bir iş görülmür. Təmizlənmə işləri aparılmır. Hansısa oliqarxın şəxsi çimərliyində, hansısa özəl çimərliklərdə təmizlik işləri aparıla bilər. Amma xalqa açıq çimərliklərdə təmizlənmə işi aparılmır” - deyə Qorxmaz İbrahimli qeyd edib. Onun sözlərinə görə, hər il eyni vaxt Ziyəddin Kazımov müəyyən açıqlamalar verir, amma bu açıqlamalardan sonra nə dövlət, nə də başqa heç kim təmizləmə işləri aparmır.

“Xüsusən xalqa açıq, ödənişsiz çimərliklərlə bağlı açıqlama verilir. Amma xalq daha çox elə xalqa açıq və ödənişsiz çimərliklərə gedir. Xalq çimərlikləri isə, Baı və Abşeronda çox məhdud saydadır. Bu çimərliklər zamanında təmizlənmir, ora axıdılan kanalizasiya sularının qarşısı alınmır. Çimərlik mövsümünə 3-5 gün qalmış Ziyəddin Kazımov çıxıb bəyant verir və məsələ bitib gedir. Məncə bu bir məmur məsuliyyətsizliyi, bir dövlər qurumunun məsuliyyətsizliyidir” - deyə QHT sədri vurğulayıb. Onun sözlərinə görə, QHT könüllülər vasitəsilə mümkün qədər Xəzər çimərliklərini təmizləməyə çalışır.

“Biz əllə atılmış, plastik və digər çirkləndirici maddələri təmizləyirik. Mən həm ETSN, həm də Azərsu ASC-nin ictimai şuralarının üzvüyəm. Biz yaxın vaxtlarda Abşeron rayonu ərazisində bu qurumlarla birgə monitorinq keçirəcəyik. Monitorinq zamanı sularda nə aşkarlansa ictimaiyyətlə paylaşacağıq” - deyə Qorxmaz İbrahimli əlavə edib.

Etiraf edək ki, həqiqətən xalqa açıq və ödənişsiz olan çimərliklərin sayı çox azdır. Və həmin ərazilər, sözün əsl mənasında heç kim üçün əhəmiyyətli deyil. Nəzərə də almaq lazımdır ki, hamının müəyyən məbləğdən keçib, istirahət etməyə maddi imkanı çatmır. Dəniz isə hamınındır. Dənizi hasarlayanlar, dənizin kənarında sıralanmış obyektlər tikdirib vəsait əldə edənləri isə, kasıb təbəqənin vəziyyəti maraqlandırmır. Bəzən deyirlər ki, bütün obyektlərdə dənizin kənraında əyləşmək və çimmək ödənişsizdir. Real situasiyada bu obyektə daxil olan kimi məsul əməkdaşlar vətəndaşın qarşısını kəsib yer göstərməyə çalışırlar. Həmin əməkdaşa “mən heç nə almıram, sadəcə qumun üzərində günəşlənəcəyəm” deyə bilmirsən. Çünki hansı cavab ilə qarşılaşacağını təxmin etmək belə mümkün deyil. Əslində obyekt sahibləri də qismən haqlıdır. Çünki bəzi vətəndaşlar da atdıqları məişət tullantılarını təmizləmək istəmirlər.

Bu səbəbdən də qınamaq olmur. Ən azından ödənizşsiz deyilən, bakteriyaların olduğu iddia edilən çimərliklər dövlət qurumları tərəfindən təmizlənsə, bəlkə az büdcəsi olan vətəndaşın da üzü gülər….

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »