Çin və Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) Şimali Koreyaya qarşı uzaq mənzilli və ballistik raket sınaqlarına görə yeni sanksiyaların tətbiqini tələb edən qətnaməsinə veto qoyması ilə bağlı BMT Baş Assambleyasında ilk hesabatını veriblər.
Bizimyol.info xəbər verir ki, həm Çin, həm də Rusiya nümayəndələri ABŞ-ın məsuliyyət daşıması ilə bağlı bəyanatlar veriblər.
"Şimali Koreya 2018-ci ildə nüvəsizləşdirmə tədbirləri gördüyü vaxtdan bəri ABŞ tərəfi Şimali Koreyanın müsbət təşəbbüslərinə cavab verməyib, Şimali Koreyanın qanuni və ağlabatan narahatlığını həll etməyib",- deyə Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun açıqlamasında bildirib.
BMT Təhlükəsizlik Şurasının sanksiyalarının sərt və misilsiz olduğunu dilə gətirən Zhang Koreya yarımadasındakı vəziyyəti normallaşdırmaq üçün ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaları yumşaltmalı və bölgədəki hərbi təlimləri dayandırmalı olduğunu bildirib.
"Əhəmiyyətli olan hərəkət etməkdir, sadəcə, qeyd-şərtsiz dialoqa hazır olmaq haqqında danışmaq deyil. ABŞ-ın edə biləcəyi çox şey var, məsələn, müəyyən sahələrdə Şimali Koreyaya qarşı sanksiyaları yumşaltmaq, Cənubi Koreya ilə birgə hərbi təlimləri dayandırmaq”,-deyə o əlavə edib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Evstigneeva isə açıqlamasında bildirib ki, “Şimali Koreya məsələsinə ciddi yanaşan hər kəs sanksiya spiralı təhlükəsi altında Pxenyanın qeyd-şərtsiz tərksilah edilməsini uzun müddət gözləməyin lazımsız olduğunu başa düşüb”.
Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonq bildirib ki, Şimali Koreya müntəzəm olaraq raket sınaqları keçirir və özünümüdafiə hüququndan istifadə edir.
ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Cefri DeLaurentis, "bu atışların hər biri Təhlükəsizlik Şurasının yekdilliklə qəbul edilmiş birdən çox qətnaməsini pozdu. Bu təxribatlara cavab olaraq Çin və Rusiya BMT-nin qətnaməsinə veto qoyub, Şimali Koreyanı səssizcə təsdiqləyib”,- deyə açıqlama verib.
Xatırladaq ki, ötən həftələrdə Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının ballistik raket sınaqlarına görə Şimali Koreyaya qarşı sanksiyaların artırılmasını təklif edən qətnaməsinə veto qoyub. Vetodan sonra Şimali Koreya bazar günü Yapon dənizinə səkkiz qısa mənzilli ballistik raket atıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında Çin və Rusiyanın veto qərarı ilə 2006-cı ildən bəri ilk dəfə Şimali Koreya məsələsində fikir ayrılığı yaranıb. BMT TŞ-də qanun layihəsinin qəbul edilməsi üçün 15 üzvdən ən azı 9-u səs verməli və daimi üzvlərdən heç biri, yəni ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa qətnaməyə veto qoymamalıdır.
Leyla, Bizimyol.info