Türkiyənin tezliklə başlamağı planlaşdırdığı yeni Suriya əməliyyatı ilə bağlı müzakirələr davam edir.
Bizimyol.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin müşaviri müavini Barbara Leaf Türkiyənin Suriyanın şimalında yeni əməliyyat başlatmasından ABŞ-ın narahat olduğunu ifadə edib.
"Türkiyənin Suriyanın şimalında mümkün hərbi fəaliyyətlərlə bağlı artan ritorikasından çox narahatıq. Biz bunu dayandırmaq üçün diplomatik səylərimizi gücləndirdik",- deyə Leaf dünən ABŞ Konqresində keçirilən sessiyada bildirib.
Məlumata görə, ABŞ rəsmilərinin məsələ ilə bağlı Türkiyə ilə çoxlu görüşlər keçirdiyini qeyd edən Leaf, bölgədə hərbi əməliyyatın sabitliyi və İŞİD-lə mübarizəni təhlükə altına salacağına inandıqlarını bildirib.
"Türkiyə hökuməti bizim fikirlərimizi yaxşı bilir. Onlarla yüksək səviyyəli əlaqələrimiz olub”,- deyə o, bildirib.
Bu səylərin Türkiyəni planlarından əl çəkməyə razı salıb-salınmadığı ilə bağlı suala isə Leaf, "bunu edəcəklərinə zəmanət verə bilmərəm" cavabını verib. O, ABŞ-ın razı salma cəhdlərinin indiyə qədər uğursuz olduğunu və Türkiyənin geri addım atacağına inanmadıqlarını bildirib.
Qeyd edək ki, terror təşkilatı PKK-nın Suriyanın şimalındakı uzantısı olan YPG-yə dəstək verən ABŞ daha əvvəl Türkiyənin mümkün əməliyyatından narazılığını bildirib. Oxşar etiraz isə Suriyada Bəşər Əsəd administrasiyasını dəstəkləyən Rusiyadan da gəlib.
Xatırladaq ki, Suriya əməliyyatının müzakirəsi Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərinə iki ölkənin “PKK-nı dəstəklədiyi” əsası ilə etiraz etdiyi bir vaxtda baş verir.
Ümumiyyətlə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın terrorla mübarizədə göstərdiyi qətiyyət mütəmadi olaraq ABŞ-ı narazı salır. Belə terror təşkilatlarından hər zaman Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilib və indi Ərdoğan bu təşkilatları birdəfəlik məhv etmək istəyir. ABŞ prezidneti Co Bayden seçkiqabağı kampaniya zamanı hətta açıq şəkildə bildirirdi ki, hakimiyyətə gələcəyi təqdirdə Ərdoğanı hakimiyyətdən salmaq üçün addımlar atacaq.
Leyla, Bizimyol.info