İki gün əvvəl Bakıda keçirilən toy mərasimlərindən birində iştirak edən sürücülərdən ikisi dəmir barmaqlıqlar arxasına düşüb. Səbəb isə toy kortejindəki avtoxuliqanlıq olub.
Bizimyol.info xəbər verir ki, hadisə iyunun 7-də saat 16 radələrində Binəqədi rayonu ərazisində baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toy kortejində avtoxuliqanlıq edənlər “VAZ-21214” və “VAZ-2106” markalı iki avtomobilin sürücüləri olub.
Onları yol polisləri saxlayıb. Araşdırmalar zamanı məlum olub ki, sürücülərin biri İmişli rayon sakini M.Miradiyev, ikincisi isə Abşeron rayon sakini E.Eyvazovdur. Onlar haqqında İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə inzibati iş başlanıb, protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücülərin hər birinə 1 ay inzibati həbs cəzası kəsilib. Eyni zamanda onların ikisinin də 1 il nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb.
Aytən, Bizimyol.info