Rusiya Federasiyasının prezidenti Vladimir Putin dünyada milyonlarla insanı aclıqdan ölümə məhkum edib. Moskva dərhal Ukrayna taxılının ixracına qoyulan məhdudiyyəti aradan qaldırmalıdır.
Bizimyol.info xəbər verir ki, İtaliya rəsmisi Luici Di Mayo bu barədə “The Guardian” nəşrinə açıqlamasında bildirib. İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib ki, yaxın bir neçə həftə qlobal ərzaq böhranının həllində mühüm rol oynayacaq.
"Mən açıq şəkildə bildirmək istəyirəm ki, biz Rusiyadan aydın və konkret siqnallar gözləyirik. Çünki taxıl ixracının qarşısını almaq milyonlarla uşaq, qadın və kişini girov saxlamaq və ölümə məhkum etmək deməkdir",- deyə nazir deyib.
Virtual görüş zamanı Livanın xarici işlər naziri Abdullah Bu Həbib ölkəsində yanacağın və əsas ərzaq məhsullarının bahalaşmasına diqqət çəkib. O, Ukraynadakı müharibəni “nəyin bahasına olursa, olsun” dayandırmağa çağırıb.
Bu Həbib əlavə edib ki, dünya Avropada və ya dünyanın digər bölgələrində hərbi böhranların hökmranlığı altında qalmaqda davam edə bilməz.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya mediası yazırdı ki, Türkiyə, Rusiya və Ukrayna guya Odessadan taxıl ixracı üçün yol xəritəsini razılaşdırıblar. Türkiyə Odessa vilayətində sahil sularının minalardan təmizlənməsi ilə məşğul olacaq, Rusiya gəmiləri isə yükləri Bosfor boğazına qədər müşayiət edəcək. Sxemin artıq bu günlərdə təsdiq olunacağı gözlənilirdi.
Amma onu da qeyd edək ki, hələlik bu sxemdə Ukraynanın razılığının olub-olmaması barədə dəqiq məlumat yoxdur. Bir müddət əvvəl xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna ölkə limanlarından taxıl ixracı üçün BMT və üçüncü ölkələrdən zəmanət almalıdır. Təkcə Kremlin zəmanəti kifayət etməyəcək. Ukraynanın fikrincə, Rusiya taxıl dəhlizlərindən istifadə edib Odessaya hücum təşkil edə bilər.
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadan taxıl daşınmasının təhlükəsizliyinə zəmanət verdiklərini desə də, rəsmi Kiyev Rusiyanın vədlərini ciddi qəbul etmir.
İlahin, Bizimyol.info