Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan növbəti işğal hədəsi: "Litvanın müstəqilliyi qanunsuzdur"
Rusiyadan növbəti işğal hədəsi: "Litvanın müstəqilliyi qanunsuzdur"

Rusiya Federasiyası Dövlət Dumasına SSRİ Dövlət Şurasının “Litva Respublikasının müstəqilliyinin tanınması haqqında” qərarının ləğvi barədə qanun layihəsi təqdim edilib.

Bizimyol.info xarici mediaya istinadla xəbər verir ki, bu barədə qanun layihəsi artıq müzakirəyə çıxarılıb.

Qanun layihəsinin təşəbbüskarı “Vahid Rusiya” partiyasının deputatı Yevgeni Fedorov qanun layihəsi haqqında izahat yazısında qeyd edib ki, guya “ölkə Konstitusiyasına dəyişikliklər edildikdən sonra Rusiya Federasiyası onun ərazisində SSRİ-nin hüquqi varisi kimi tanınıb”.

Onun sözlərinə görə, 1991-ci ilin martında Sovet İttifaqında referendum keçirilib və nəticədə əhali SSRİ-nin vahid dövlət kimi saxlanmasına tərəfdar olduğunu bildirib.

Amma elə həmin ilin sentyabrında ilk iclasda SSRİ Prezidenti Mixail Qorbaçovun sədrliyi ilə “Litva Respublikasının müstəqilliyinin tanınması haqqında” SSRİ Dövlət Şurasının GS-1 saylı qərarı qəbul edilib. Fedorov qərarın qanunsuz olduğunu israr edir. Bu qanunun qəbulu o demək olardı ki, Rusiya Litvanın müstəqilliyini tanımır və onu SSRİ-nin varisi olaraq Rusiyanın bir hissəsi sayır.

Xatırladaq ki, Litva Prezidenti Gitanas Nauseda iyunun 1-dən etibarən respublikanın səfirini Rusiyadan geri çağırmaq barədə qərar qəbul edib.

Bu ilin aprelin 4-də isə Litva Xarici İşlər Nazirliyi Kiyev vilayətində Rusiya ordusunun həayata keçirdiyi hərbi cinayətlərə cavab olaraq Rusiya səfirini ölkədən çıxarıb. Nazirlik həmin vaxt Rusiya diplomatına "ölkəni tərk etməli olacağını" bildirib.

Bir müddət əvvəl isə Litva Rusiyadan enerji idxalını tamamilə dayandırıb. Yerli hakimiyyət orqanları iki ay ərzində alternativ elektrik enerjisi, qaz və neft təchizatı mənbələri tapmağa nail olublar.

Xatırladaq ki, SSRİ-nin bərpası ideyasının müəllifi elə Vladimir Putin özüdür. O SSRİ-nin dağıdılmasını 20-ci əsrin "ən böyük faciəsi" adlandırmışdı. Hazırda baş verənlər onu göstərir ki, Putin SSRİ-ni bərpa etmək üçün uzun müddət hazırlıq görüb. Amma elə ilk cəhddə, yəni Ukraynada bu plan iflasa uğradı. Məlum oldu ki, Rusiyanın SSRİ-ni bərpa etmək üçün lazımi gücü yoxdur. Bununla belə, Rusiya hakimiyyətinin və ya parlamentinin SSRİ "sancıları" ara-sıra yenə də tutur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »