"Şərqdəki Severodonetsk şəhərində gedən döyüşlər Donbasın taleyini həll edən episentr olaraq qalır".
Bizimyol.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Bu, çox şiddətli döyüşdür, çox çətin günlərdir. Yəqin ki, bütün bu müharibənin ən çətin döyüşlərindən biri kimi xatırlanacaq hadisələrdir. Bu istiqaməti müdafiə edən hər kəsə minnətdaram. Orada bir çox cəhətdən bizim Donbasımızın taleyi həll olunur”, - deyə Ukrayna prezidenti bildirib.
Zelenski həmçinin qeyd edib ki, çərşənbə günü işğalçılar tamamilə ağlasığmaz xəbərlər elan ediblər: Onlar işğal olunmuş bütün ərazilərimizdə yaradılan bəzi futbol klublarını bir psevdoçempionatda birləşdirməyə hazırlaşdıqları barədə məlumat veriblər. Bu qondarma çempionatda Donetsk, Luqansk, Xerson, Melitopol, Krım və hətta Gürcüstanın bir hissəsindən komandaların iştirak edəcəyini bildiriblər", - deyə dövlət başçısı bildirib.
O, bu qərarı “Ukrayna xalqını ələ salmaq cəhdi” adlandırıb: "Yalnız Ukraynanın qayıdışı ilə bu ərazilər, bu şəhərlər üçün normal həyat – yenə də dinc, təhlükəsiz, dünyaya açıq və təbii ki, Donbass Arenada dünya səviyyəli komandaların yeni matçlarının keçirilməsi mümkün olacaq. O vilayətlərimizin komandaları yenidən Ukrayna çempionatında iştirak edəcəklər. Amma əvvəlcə biz o əraziləri işğaldan azad etməliyik və bu gün məhz bunu uğrunda mübarizə edirik”, - deyə o əlavə edib.
Zelenski həmçinin Polşa prezidenti Anjey Duda və Slovakiya prezidenti Zuzana Çaputovaya Ukraynanın perspektivini dəstəkləmək üçün Avropa ölkələrinə xüsusi səfərə başlamaq təşəbbüsünə görə təşəkkür edib. Onun sözlərinə görə, bütün ukraynalı diplomatlar tam şəkildə bu məsələ üzərində işləyirlər.
Ukrayna prezidenti çərşənbə günü özəl tədbirdə dünyanın ən böyük investisiya fondlarının nümayəndələrinə müraciət etdiyini və onları Ukraynaya investisiya qoymağa çağırdığını da xatırladıb.
Zelenski “böyük Amerika şirkətlərinin liderləri icmasının üzvləri” ilə danışıb. Onları “Rusiya bazarını tərk etməyə və vergiləri ilə bu müharibəyə dəstək verməməyə” təşviq etdiyini bildirib. O, bu liderlərin Rusiyaya qarşı artan sanksiyaları dəstəklədiyini bilməsinin onun üçün çox vacib olduğunu bildirib.
Qadir, Bizimyol.info