Ukrayna müharibəsi bitmək bilmir. Əksinə, döyüşlərin azı ilin sonuna qədər davam edəcəyi gözlənilir. Danışıqlar prosesi uğursuzluğa məruz qalıb. Rusiya nəyin bahasına olur-olsun məqsədinə çatmaq istəyir. Ukrayna isə hətta əvvəllər itirilən torpaqları da geri qaytarmaqda israrlıdır.
Bizimyol.info xəbər verir ki, Frederik Kempin son yazısında Vladimir Putinin yeni taktikasından danışılır. Kremlin rəhbəri bir neçə hədəf üçün çalışır.
Putin hər şeydən əvvəl Ukrayna ərazisinin ən azı 20 faizini işğal etmək istəyir. Amma bir şərtlə ki, həmin torpaqlarda ukraynalılar qalmasın. Yəni yaşayış məntəqələri yerli sakinlər olmadan işğal edilsin. Elə binaların dağıdılması, əhaliyə divan tutulması da bu məqsədlədir. Bir sözlə, Putin Suriyada tətbiq edilən qəddar taktikanı Ukraynaya gətirir. Bundan sonra Kreml özünə sərf edən sülh müqaviləsi bağlaya bilər. Putin buna çox ümid edir.
Rusiya Prezidentinin taktikasının ikinci hissəsi iqtisadi amillərlə bağlıdır. Putin ərzaq böhranının dərinləşməsində maraqlıdır. Kreml rəhbəri çalışır ki, ya Ukrayna taxılını məhv etsin, ya da məhsulun xaricə göndərilməsinə imkan verməsin. İndi Putin üçün milyonlarla insanın aclıqla üz-üzə qalmasının heç bir əhəmiyyəti yoxdur. Ən əsası öz məqsədinə çatmaqdır.
Sanksiyalar Rusiyanı çox boğur. Buna baxmayaraq, Putin ümidini itirmir. Prezident inanır ki, zamanla Qərbin başı öz qayğılarına qarışacaq, Ukrayna müharibəsinə lazımi önəm verilməyəcək.
ABŞ Prezidenti Co Bayden belə düşünmür. Ağ Evin rəhbəri Putinin taktikasının qarşısını almağın əsas yollarından biri kimi müharibəni həmişə gündəmdə saxlamağı görür. Bayden Ukraynanın üzərindən əlini götürməyəcəyinə hər çıxışında eyham vurur.
BMT-nin ümumdünya ərzaq proqramının rəhbəri Devid Bizli Putinin planından xəbərdar olduqlarını bildirir. Onun fikrincə, nə qədər ki Rusiya Odessanı ələ keçirməyib, burada ərzaq limanları yaradılmalıdır. Bizli böhranın qarşısını almaq üçün qəti addımlara ehtiyac olduğunu deyir.
NATO-nun baş katibi Yens Stoltenberq isə Rusiyanın göstərdiyi qəddarlığı unutmaq mümkün olmadığını xüsusi vurğulayır. Yəni Putinin cəhdləri hər yolla dayandırılacaq.
Aytən, Bizimyol.info