Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Bizimyol.info xəbər verir ki, Ankarada baş tutan danışıqlardan sonra təşkil edilən ortaq mətbuat konfransında rəsmilər əhəmiyyətli açıqlamalar veriblər. Çavuşoğlu, “BMT, Rusiya, Ukrayna və ölkəmiz arasında yaradıla biləcək taxıl dəhlizi mexanizmini real bir plan olaraq görürük”,- deyə bildirib.
Rusiya ilə Ukrayna arasında 3 aydan artıqdır davam edən müharibəyə də toxunan Çavuşoğlu “biz görürük ki, danışıqlara qayıtmaq üçün zəmin yaranıb. Müharibənin verdiyi itkilərin günü-gündən artdığını görmək bizi kədərləndirir. Türkiyənin lap əvvəldən prinsipial münasibəti hər kəsə məlumdur, İstanbulda ciddi irəliləyişlər əldə etmişdi. Müharibəni mümkün qədər tez danışıqlar yolu ilə bitirmək hamının marağında olardı. Biz danışıqların yenidən başlaması üçün üzərimizə düşəni etməyə hazırıq”,- deyə əlavə edib.
Lavrovla Suriya məsələsini də müzakirə etdiklərini vurğulayan Çavuşoğlu, “Lavrovla Suriya və Liviya məsələlərini də müzakirə etdik, fərqli baxışlarımız olsa da, sıx əməkdaşlıq edirik. PKK və YPG təhlükəsinə qarşı tədbirlər görməliyik və Lavrovla görüşdə daha əvvəl verdiyimiz vədlərin icrasını müzakirə etdik”,- deyə çıxışına əlavə edib.
Lavrov isə Ukraynadakı taxıl böhranı ilə bağlı “gəmilərin çıxışında problem yaratmırıq” deyən Ukraynanı “taxılları girov saxlamaqla” ittiham edib.
“Əgər Ukrayna tərəfi minalardan təmizləmə fəaliyyətinə başlamağa hazırdırsa, biz də buna hazırıq. Bu prosesin təfərrüatlarını Türkiyə hərbi hakimiyyət orqanları ilə də müzakirə edirik. Bu çox xırda problemdir, bizim tərəfimizdən heç bir maneə yoxdur. Biz gəmilərin çıxmasına mane olmuruq”,- deyə Lavrov bildirib.
Lavrov Ukraynadan taxıl məhsullarının daşınması məsələsinə də toxunub: “Qərblilər bunu fəlakət kimi göstərməyə çalışırlar. Ukraynada dənli bitkilərin bazar payı cəmi 1 faizdir. Bunun ərzaq böhranına səbəb olacağını deyə bilmərik. Ukrayna sözün əsl mənasında həmin gəmiləri orada girov saxlayır.
Ölkələrimiz arasında əlaqələrimiz yetkin tərəfdaşlıq dövründən keçir. Onlar qarşılıqlı hörmətə və faydaya əsaslanır. Təbii ki, münasibətlərimizin belə sürətli inkişafının mühərriki liderlərimiz arasında dialoqdur. Rəhbərlərimiz 9 telefon zəngi edib”.
Mümkün Zelenski-Putin sammitindən danışan Lavrov “ilk növbədə sülh danışıqları davam etməlidir” deyib.
Leyla, Bizimyol.info