Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İnsanlar onu ən çox səsindən tanıyırdılar"
"İnsanlar onu ən çox səsindən tanıyırdılar"

O, ömrünün son günlərində belə xəstə halda yazıb pozurdu, çünki onu yaşadan sənət idi. Ramiz Əzizbəylinin əlvan yaradıcılığının mayasında onun istedadının səmimiyyəti və milli gülüş mədəniyyətimizin dadı və şirəsi, lətafəti və təravəti dururdu. Belə yanaşma tərzinə görə aktyorun ifasındakı obrazlarda güclü rəng koloriti var idi.

Azərbaycan kino rejissoru və aktyoru ve Azərbaycanın xalq artisti (2008), professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri, "Şöhrət" ordeni (2018), "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı Ramiz Əzizbəyli, 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. Respublikanın xalq artisti Ramiz Əzizbəyli gülüşün enerji nüvəsini düzgün müəyyənləşdirməklə onun mərkəz nöqtəsinə istinad edirdi . Ümumi gülüş palitrasında Ramizin obrazı parlaqlığı və cazibəsi ilə yaddaşlarda qalmaqdadır.

Ramiz Əzizbəyli, 1961-ci ildən “Azərbaycanfilm”ə dəvət olunub və o gündən etibarən fasiləsiz olaraq kinostudiyada çalışıb. Fəaliyyəti müddətində mindən çox filmin dublyajında iştirak edib, 50-dən artıq filmin mətnini rus dilindən ana dilimizə çevirib. “Mozalan” satirik kinojurnalının 100-ə yaxın sayında həm aktyor, eyni zamanda rejissor kimi çalışıb. 2021-ci iyunun 9 da uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Sənətkar,Qurd Qapısı qəbiristanlığında dəfn edilib.

Xalq artistinin qızı Cəlalə Əzizbəyli mərhumla bağlı xatirələrini Bizimyol.info xəbər portalına danışıb.

"Atam bir çox yaradıcı insanlar kimi gecələri yaxşı yata bilmirdi. Mənim ağlım kəsəndən onu səhər 4-də oyaq görmüşəm. Səhər 4-də oyanar, öz iş otağına keçər, orada yazıb pozar və rollarını əzbərləyərdi. Xüsusilə səhər tamaşası olanda o gecə heç yata bilməzdi. Səhərə qədər məşq edirdi. Bir də bir xasiyyəti var idi.., bir də görürdün yolda başlayırdı uca səslə oxumağa, məşq etməyə. İnsanlar onu ən çox səsindən tanıyırdılar. Tez yaxınlaşıb görüşürdülər. Biz də utanırdıq. Deyirdik, "ata, küçədə oxuma". Deyirdi ki, "qızım neyniyim, vaxtım yoxdu, ama məşq eləməliyəm". Ona görə də bəzən küçədə də oxuyurdu.

Hər şeydən öncə sənətkar idi, respublikada tanınmış insan idi. Evimiz daim onun ziyarətçiləri, dostları, tələbələri, hətta pərəstişkarları ilə dolu olurdu. Biz də daim qulluğunda idik. Onun ziyarətçiləri, yazı-pozu işləri, ayaq üstə olduğu zamanlarda tamaşaları, verilişləri həyatımızın bir parçası olmuşdu. Biz özümüzdən çox onun həyatını yaşayırdıq deyə bilərəm...

Atamın ölüm xəbərini eşitdiyimiz an bütün ailə olaraq düşündüyümüz "Biz RAMİZSİZ" nə edəcəyik?!"oldu. Çünki biz onsuz həyatımızı təsəvvür etmirdik. Hər şeydən əvvəl biz Ramizi itirdik, sonra da onunla yaşamağı.

Son günlərində daim yanımızda idi. O, 3 dəfə insult oldu. Sağ tərəfi paralic idi. Hərəkəti məhdud idi, amma yenə də xırda-xırda özünü idarə edirdi, amma yüksək şəkərlə əlaqəli olaraq ayağı qanqren oldu və bir ayağında parmaqlarını amputasiya elədilər. Ömrünün son 2 ilini tamamilə hərəkətsiz idi. Amma buna baxmayaraq yenə də yazıb-pozurdu. Çünki bu qədər çətin xəstəliklərdə onu yaşadan sənəti idi...

Atam təbiətən çox nikbin insan idi. Hər vəziyyətdə bir müsbət tərəf tapmağı bacarırdı. Mən yenə də elə düşünürəm ki, sənət eşqi onu yaşadırdı. Xəstə yatdığı müddətdə bir çox dostları, sənət yoldaşları, tələbələri onu ziyarət edirdi. Dövlət tərəfindən də çox böyük qayğı və dəstək var idi, Hamısına ailəlikcə minnətdarıq".

Havar, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »