Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu səbəbdən də azbüdcəli layihələrə dəstək verməyə başladıq"
"Bu səbəbdən də azbüdcəli layihələrə dəstək verməyə başladıq"

Bir müddət əvvəl xalq artisti Rasim Balayev Azərbaycan Kinomatoqrafçılar İttifaqına sədr seçilib. Ayın 31-də açıq şəkildə keçirilən səsvermədə bu vəzifəyə yeganə namizəd Rasim Balayev olub.

İttifaqın katibi Əli İsa Cabbarov bildirib ki, ittifaq az büdcəli layihələrə dəstək verməyə başlayıb. Belə ki, artıq “Casting Agency” kastinq agentliyinə Azərbaycan aktyorlarının yer aldığı sayt yaradılması üçün maliyyə ayrılıb. Gələcək aylarda sayt təhvil veriləcək: “Bəzən olur ki, gənclər film çəkir, onun üçün 500, 1000, 1500 manat çox önəmli olur. Bəzən olur ki, film çəkilir, xaricdəki festivallara göndərilmək üçün tərcüməyə ehtiyacı olur. Bu səbəbdən də azbüdcəli layihələrə dəstək verməyə başladıq”.

Yeni sədrin Rasim Balayev olması, bundan sonra gənclərin işinə önəm verilməsi və hətta kiçik büdcəli layihələrə dəstək verilməsi təbii ki, Azərbaycan kinosu üçün önəmlidir. Bəlkə belə olarsa, Azərbaycan kino sahəsində dəyişikliklər baş verər. Yeni, keyfiyyətli filmlər ekranlara yol tapar.

Rejissor Zəki Bağırov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu vəzifəyə Rasim Balayevdən başqa ideal namizəd yox idi: “Rasim Balayev olmayıb, kim olacaqdı ki? Məncə əsas məsələlərdən biri də Rasim müəllimin ətrafında olacaq kollektivdi. Düşünürəm ki, müsbət işlər ola bilər”.

Zəki Bağırov Zəki Bağırov

Rejissorun fikrincə, ilk növbədə görüləcək işlər siyahısında Cəfər Cabbarlı adına kinostudiyanın təmir edilməsi yer almalıdır. Gənclər, kinostudiyaya cəlb edilməlidir.

P.S. Rasim Balayevin Kinomatoqrafçılar İttifaqına sədr seçilməyi bir tərəfdən ona görə yaxşı oldu ki, bəlkə Azərbaycan kinosunda bayağl filmlərin sayı azalar. Düzdür, Azərbaycanda film-kino sahəsində "görünən" senzura yoxdur. Senzura sadəcə cəmiyyətin qınağından ibarət olur ki, o zaman da filmin rejissorları uzaqbaşı səni”paxıl” və yaxud da “sənətdən anlayışı olmayan birisi” adlandırırlar.

Ortaya qoyduğunuz, cəmiyyətə kino adı ilə sırıdıqlarınız filmdirmi? Nəyi təbliğ edir? Çox uzağa getməyəcəm, elə qardaş ölkə Türkiyə ilə ortaq çəkilən “Yalnış anlama” filminə görə, "Azərbaycanlıyam" deyəndə axmaq bir sual qarşısında aciz qalırsan: “Sizdə silaha nə deyirlər?” İndi sözünü demiş, özünü işinin ustası hesab edən rejissorlardan və göz zövqünü pozmayan, düşüncələrinə və özünə hörmət edən tamaşaçılardan mən soruşuram: Baxdığınız bu material sənətdirmi, yaradıcılıqdırmı, ekran əsəridirmi, təbliğatdırmı? Məncə Xeyr! Azərbaycanı, Azərbaycan sözlərini bu qədər bayağılaşdıran filmlərin ekran üzü görməməsinə çalışmaq lazımdı. Bəli, senzura lazımdır! Əks halda bizə Qarabağ, Xocalı, 20 Yanvar, 30 illik işğal əvəzinə verəcəkləri sual elə belə olacaq. Ümid edirik ki, Rasim Balayev kinomuzun gələcək inkişafı istiqamətində də önəmli addımlar ata biləcək.

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »