Dünyanın gözü, qulağı aylardır ki, Ukraynadan gələn xəbərlərdədir.
Bizimyol.info xəbər verir ki, müharibə son vaxtlar Ukraynanın istədiyi istiqamətdə getmir. Bölgədə təşəbbüsün Rusiya ordusuna keçdiyi barədə danışılarkən müharibədə bir ilk baş verib. Fox News-da yer alan xəbərə görə, Rusiya Ukraynanın cənub-şərqinə nəzarət etdiyini açıqlayıb. Açıqlamada bildirilir ki, Rusiya sərhədləri ilə Krım yarımadası arasında magistral əlaqə qurulub. Bu isə son dövrlərdə Rusiyanın hücumlarından sonra geri çəkilməli olan Ukrayna üçün dairənin daraldığını göstərir. Amma Ukrayna ilə sülh bağlanmadan hər hansı magistral yol da təhlükəsiz sayıla bilməz.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya qüvvələrinin demək olar ki, bütün Luqansk vilayətini ələ keçirdiyini, Ukrayna rəsmiləri və hərbi analitiklər isə hazırda Rusiyanın Donetsk vilayətinin təxminən yarısını işğal etdiyini bildirir. Bildirilir ki, Rusiya qüvvələrinin bölgədəki əsas hədəfləri Severodonetsk və Lisiçansk kimi mühüm sənaye şəhərləridir. Əgər Rusiya Severodonetsk və Lisiçanski ələ keçirsə, o zaman bütün Luqansk vilayətinə nəzarət etmiş olacaq. Bu səbəbdən də Qərbdən daha çox silah dəstəyi tələb edən Ukrayna qüvvələri bölgədə, belə demək mümkünsə, zamanla yarışa girirlər.
Qeyd edək ki, ölkənin şərqində müharibə aramsız davam edərkən, Rusiyanın Ukraynanın Qara dəniz limanlarını blokadaya alması qlobal ərzaq qiymətlərinə mənfi təsir göstərməkdə davam edir. Ukrayna Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Ukraynanın Rusiyanın Qara dənizdəki limanların blokadasını aradan qaldırmaq və qlobal ərzaq böhranının qarşısını almaq üçün “maksimum səylər” göstərdiyi bildirilib.
“Biz bütün müvafiq tərəfdaşların səylərini Rusiyanın limanlardakı blokadasını aradan qaldıracaq və eyni zamanda Ukraynanın Qara dəniz sahilləri və əlaqəli humanitar dəhlizləri üçün aydın təhlükəsizlik təminatları verəcək balanslaşdırılmış həll yolunun tapılmasına yönəltməyə çağırırıq”,- deyə məlumatda bildirilir.
Rusiyanın Odessaya və Ukraynanın cənubuna hücum etmək üçün dəniz dəhlizindən istifadə etmə ehtimalının istisna oluna bilməyəcəyi qeyd edilən bəyanatda, ixrac fəaliyyətinin bərpası üçün effektiv təhlükəsizlik təminatlarının zəruri olduğu vurğulanıb.
Bəyanatda bildirilib ki, bu cür zəmanətlər sahilləri dənizdən gələn təhlükələrdən qorumaq üçün Ukraynaya uyğun silahların verilməsi və üçüncü ölkənin dəniz qüvvələrinin Qara dənizin müvafiq bölgəsində patrul fəaliyyətidir.
Rusiya ilə Ukrayna arasında hələlik razılıq əldə edilməməsinə baxmayaraq, Türkiyənin Ukrayna limanlarında maneələrin aradan qaldırılması istiqamətində göstərdiyi səylər təqdir edilib və Ukraynanın maraqlarını nəzərə almayan istənilən razılaşmanın rədd ediləcəyi vurğulanıb.
Leyla, Bizimyol.info