Çexiyanın baş naziri Petr Fiala Fransanın paytaxtı Parisdəki Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb. Görüşdə Rusiyanın Ukraynaya hücumları, enerji, müdafiə və 1 iyulda Çexiyanın Fransadan təhvil alacağı Avropa Şurasına sədrliyi müzakirə edilib.
Bizimyol.info xəbər verir ki, görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında çıxış edən Fiala bildirib: “Rusiyadan asılı olmadan enerji təhlükəsizliyini təmin etməliyik. Biz müdafiə və Çexiyaya sürətli dəmir yolunun tikintisi sahəsində Fransa təcrübəsindən istifadə etmək istəyirik. İki ölkə arasında strateji tərəfdaşlıq çox vacibdir və mən cənab Makronla ikitərəfli görüşümdən məmnunam. Biz çox inanırıq ki, Aİ-yə sədrlik Çexiya-Fransa münasibətlərini gücləndirəcək. Fransa Avropa İttifaqına sədrliyi dövründə Ukraynadakı müharibənin yaratdığı bəzi gözlənilməz çətinliklərlə üzləşdi. Fransa bu çətinliklərin öhdəsindən böyük uğurla gəldi. Mən bir çox məsələlərdə Avropanın birləşməsini və anti-Rusiya sanksiyalarını Fransanın prezidentlik dövründə əldə etdiyi ən böyük nailiyyət kimi görürəm. Biz də prezidentimizi Mərkəzi Avropa mövqeyimizə yaxınlaşdırmağa çalışacağıq”.

Makron isə açıqlamasında bu sözləri söyləyib: “Rusiyanın Ukraynaya başlatdığı hücumlar bugünkü Avropanı dəyişdirmək məqsədi daşıyır. Rusiyaya qarşı alınacaq qərarlarda AB-nin mövqeyi çox önəmlidir və birlikdə mövqe tutmalıdır. Müdafiə məsələlərində çex və Fransa əsgərləri Estoniyada birgə işləyirlər. Çexiya üçün 350 min ukraynalı qaçqını qəbul etməsi çox vacibdir. Aİ gələcəyə Fransa və Çexiyaya tam etibar edir. Bütün bu məsələlərdən başqa, Avropanın Qərbi Balkanlar və Afrika ilə tərəfdaşlığı və əməkdaşlığı çox vacibdir və inkişaf etdirilməlidir”.
Xatırladaq ki, Rusiyadan enerji, xüsusən də təbii qaz asılılığı Avropanın baş ağrısına çevrilib. Rusiya hər fürsətdə bu asılılıqdan təzyiq aləti kimi istifadə edir. Son olaraq Rusiya qazın pulunu rublla ödəmək istəməyən Avropa ölkələrinin qaz təxhizatını dayandırıb. Avropada Rusiya qazından xilas olmaq üçün intensiv qaydada axtarışlar aparılır. Son olaraq baş verənlər günəş və külək enerjisinə keçidi də sürətləndirib.
Leyla, Bizimyol.info