Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiyada normal adamlar zombiyə çevrilib”
“Rusiyada normal adamlar zombiyə çevrilib”

Rusiyada müharibə əleyhinə çıxan yaradıcı insanlar bir-birinin ardınca ölkəni tərk edir. Vladimir Sorokin də indi vətənində yox, Berlində yaşayır. Almaniya mətbuatı ondan tez-tez müsahibə götürür. Sorokin istər-istəməz Ukrayna müharibəsi barədə danışmalı olur.

Bizimyol.info xəbər verir ki, rusiyalı yazıçı bu dəfə Matias Brüggman ilə söhbətləşib. Sorokin doğulduğu ölkənin taleyindən, Vladimir Putindən danışıb. Yazıçı deyib ki, Rusiyanın dövlət başçısı idarəçilik sisteminə görə daha çox İvan Qroznıya bənzəyir. Çünki hakimiyyət piramidasını məhz Qroznı yaradıb, beş əsrdir belə davam edir.

“Putin özünü Qroznı kimi aparır. Qroznı 1570-ci ildə Novqorodu darmadağın etmişdi, minlərlə şəhər sakinini qırmışdı, ətrafda bütün canlıları yer üzündən silmişdi. İşğalçıların taktikası belədir. Rusiya hakimiyyəti ölkə əhalisi ilə də amansız davranır”.

Sorokin bildirib ki, müharibə günlərində yaradıcılıqla məşğul ola bilmir. Onun firkincə, indi incəsənətdən danışmaq zamanı deyil.

“Bu il müharibə bitəcək. Onda məlum olacaq ki, dünya rus mədəniyyətinə necə yanaşır. Klassiklər yaşamalıdırlar. Hitler Vaqneri sevirdi. Vaqner elə Vaqner olaraq qaldı. Tolstoy da, Dostoyevski də yoxa çıxmamalıdırlar. Amma müasir incəsənətlə bağlı proqnoz vermək olmur”.

Yazıçı əmindir ki, Putin uğurlu Ukrayna ordusu və Qərb üzərində qələbə qazana bilməz. Sorokin Kremlin rəhbərinin ocağa daha çox odun atacağını, Ukraynanı imperiyanın əyalətinə çevirməyə çalışacağını düşünür.

“İndi Almaniya da Ukrayna üçün çox şey etməlidir. Yoxsa sonradan uzun müddət başqalarının qarşısında addımlarına haqq qazandırmaq lazım gələcək. Bu isə asan olmayacaq. Putinə körpü missiyasını daşıyan Angela Merkelin 16 illik hakimiyyətindən və bu gün baş verənlərdən sonra almanlara etimadsızlıq artıb”.

Sorokin ümid edir ki, nə vaxtsa vətənə dönə biləcək. İndi isə Moskvada “mental pandemiya” baş verir. Yazıçı belə düşünür.

“Normal adamlar zombiyə çevrilib. Ümid edirəm ki, Rusiyada insanlar yenidən özünə gələcək”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »