Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başımızın bəlası - Formula yolsuzluğu
Başımızın bəlası - Formula yolsuzluğu

Dünyaya göz açanda, hələ etirazlarımızı sözlə ifadə etmək bacarığımız olmayanda və bunu ağlamaqla izhar edəndə bizə bir səsli oyuncaq verib başımızı aldadıblar. Biz də övladlarımızı belə oyuncaqlarla aldatmışıq və yəqin ki,onlar da balalarını aldadacaq. Yəni, hamımız bir oyuncağın bəlasına düşmüşük. Niyə aldada-aldada, aldana-aldana yaşamaq məcburiyyətindəyik, heç özümüz də bilmirik.

Təsəlli üçün buna “tale yazısı, bəxtsizlik” - deyib keçirik. Oyun qurbanı olmaqla razılaşdığımız üçün başqa xalqlar kimi kəskin etiraz etmək qabiliyyətimizi itirmişik, başımıza gələnləri və ya gətirilənləri sakitcə yola veririk. Yəqin elə bu səbəbdən hər hansı bir çətinliklə üzləşəndə: “Oyuna düşmüşəm”, - deyib əsəbimizə “istirahət” verməyi üstün tuturuq. “Oyun” ifadəsi qarşılaşdığımız təsirə əks reaksiyamızı yumşaldır.

Böyüdükcə oyunlarımız da böyüyür. Oyuncaqlarımız dərdə dönüb bağrımızda qubar bağlayır. Dinə bilmirik. Əsəblərimizi, sağlamlığımızı korlayır, vaxtımızı oğurlayır, hətta cibimizə də təcavüz edir. Biz də məşhur oyunların azarkeşləri kimi başımıza açılan oyunlara tamaşa edə-edə keçinib gedirik. Yaşadıqca düşdüyümüz vəziyyətlə barışmağa daha çox öyrəşirik. Öyrəşdiyimiz vəziyyət bizi daha çox məcburiyyətlərə alışağa vadar edir.

Qəribəsi odur ki, biz narahat olduğumuz hadisəyə adekvat etiraz edə bilmirik. Ən yaxşı halda: “Allah Azad Rəhimova rəhmət eləsin, bu oyunu başımıza bəla edib dünyadan getdi”, - deməklə kifayətlənirik.

Yəqin söhbətin günün əsas mövzularından olan, məcburi oyuncağımız - “Formula 1” (bu artıq formula sonsuzluq da adlandırıla bilər) yarışlarından getdiyini hamı bildi. Çünki son günlər bununla bağlı sosial şəbəkələrdə "Popokatepetl" vulkanından da çox “od püskürülür”. Amma püskürülən od da, axan lava da elə özümüzü yandırır. “Netçilər” prospektinin bağlanması səbəbindən iflic olan şəhərin tıxaclarında içimizə və üstümüzə yağan od kimi.

Bakı şəhərində yaşayan hər kəs bilir ki, “Neftçilər” prospektində günün istənilən vaxtı sıxlıq olur. Bura paytaxtın ən çox nəqliyyat axını olan yoludur. İndi bu yol bağlanıb və orada bizə heç bir dəxli olmayan firmaların istehsal etdikləri avtomobollərlə, yenə də bizə heç bir dəxli olmayan komandalar oyun çıxarırlar. Və əksəriyyəti bizə dəxli olmayan azsaylı tamaşaçılar bu “səsli oyuncaq”lara tamaşa edirlər. Amma yenə uşaqlıqda olduğu kimi aldanan nədənsə, bu oyunbazlıqdan xoşlanmayan əksəriyyət - biz oluruq. Bizə bu lazım idi?

Bəli, kim isə bunun bizim dövlətimizin dünyaya tanınmasında çox mühüm əhəmiyyəti olması barədə pafoslu sözlər danışa bilər. Amma inanmayın. Dünyaya tanınmanın daha yaxşı yolları var. Məsləhət verməyi xoşlamadığım üçün birini deyib kifayətlənirəm. Məsələn, o oyuna sərf edilən vəsaitləri xüsusi istedadlı gənclərin bacarıqlarının reallaşdırmasına sərf etmək və dünyaya daha vacib bir nədənlə tanınmaq olar.  Bu günlərdə paytaxtda keçirilən "Teknofest Azərbaycan" yarışmasında nə qədər bilikli və istedadlı gənclərimizin olduğuna şahid olduq. Və sairə.

Kimsə deyə bilər ki, bu oyunlardan büdcəmizə vəsait daxil olur. Deyə bilər, inandıra bilməz. Çünki o “oyuncaq”ların bu xalqın rifahının yaxşılaşdırılmasına zərrə qədər dəxli yoxdur. Zərəri var, xeyri yoxdur.

Bəs onda bu nə oyundur düşmüşük. Bu şəhərin nə qədər  işə gedəni, tələsəni, xəstəsi, əsbisi olanı var. Niyə insanlar bu  mənasız yolsuzluqdan əziyyət çəkməlidir? Bu oyunu niyə bəla kimi başımıza süsəlləh ediblər?

Onsuz da bizə olan olub. Məsləhət kimi çıxmasın: ölkədə olan azsaylı “ralli” pərəstişkarlarının xatirini xoş etmək üçün bunu bölgələrdən birində təşkil etmək olardı. Ya da bəzi əkinə yararsız çöllərdə - Saleh Məmmədova tapşırıb keyfiyyətli(?) yollar çəkdirib o kimsəsiz səhraları da abadlaşdırmaq olardı. Yəni axtarsaq, daha çox variantlar tapmaq olar. Sadəcə “Neftçilər” prospeki bağlandığından şəhəri bürümüş tıxacda, günün qızmar istisində daha effekli fikirlər düşünmək çətin olur. Yox, düşünmək üçün vaxt boldur, siqnal səsləri imkan vermir.

Uşaqlıqda gücümüz ağlamağa çatdığı kimi, indi də siqnal verməyə çatır. Biz siqnal veririk, kim nə anlayır anlasın...

Böyüdük, amma hələ də körpə uşaq kimi etirazımızı sözlə ifadə edə bilmirik. Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar vətəndaşlara daha çox ictimai nəqliyyatlardan istifadə etməklə bağlı çağırış edib. Onlarda çıxa bilmədikləri oyuna düşdüklərini belə izah edirlər. İyunun 13-nə kimi səsli oyuncaqlarla özümüzü aldadaq...

Qadir Musaoğlu Qadir Musaoğlu, Bizimyol.info
Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »