İngiltərə Baş naziri Boris Conson, pandemiya məhdudiyyətləri zamanı ölkədə qaydaları pozduğu üçün lideri olduğu Mühafizəkarlar Partiyası tərəfindən etimadsızlıq səsverməsinə məruz qalıb.
Bizimyol.info xəbər verir ki, Mühafizəkarlar Partiyasının 54 millət vəkilinin komitəyə səsvermə tələbindən sonra keçirilən səsvermədə Conson 211 etimad səsi qazanıb.
Səsvermənin bitməsindən təxminən 1 saat sonra Ser Qrem Bredinin açıqladığı nəticəyə görə, Consonun vəzifədə qalmasına səs verən deputatlar 58 faizlə çoxluq təşkil edib. Qeyd edək ki, səsvermədən bir müddət əvvəl qanunvericilərlə təkbətək görüş keçirən Conson etimad səsi qazanmasaydı, vəzifəsini tərk etməli olacaqdı.
Xarici işlər naziri Liz Truss, səsvermədən sonra verdiyi açıqlamada, nəticədən məmnun olduğunu ifadə edərək, “həmkarlarımın Baş Naziri dəstəkləməsinə şadıq. Mən onu yüz faiz dəstəkləyirəm. İndi işə qayıtmağın vaxtıdır”,- deyə bildirib.
Consonun istefaya getməsinə səs verən Mühafizəkarlar Partiyasından olan millət vəkilləri Con Penrouz və Con Lamont səsvermədən sonra vəzifələrindən istefa verdiklərini açıqlayıblar.
Ana müxalifətdəki İşçi Partiyasının lideri Keir Starmer Consona qarşı etimadsızlıq səsverməsinin nəticələrini tənqid edərək, “ seçkilər həmişəkindən daha açıqdır. Bölünmüş Mühafizəkarlar Partiyası qarşılaşdığımız problemləri həll etmək planı olmadan Boris Consonu dəstəkləməyə davam edir", deyəə bildirib.
Xatırladaq ki, Consonun vəzifədən uzaqlaşdırılıb-uzaqlaşdırılmaması ilə bağlı səsvermə tələbləri, Consonun pandemiya dövründə məhdudiyyətləri, qaydaları pozaraq Baş Nazirlikdə keçirrilən müxtəlif məclislərə qatıldığı üçün edilib. 2020 və 2021-ci illərdə pandemiya zamanı məhdudlaşdırma qaydalarının pozulduğu aşkarlandıqdan sonra Baş Nazir Conson da daxil olmaqla çox sayda Baş Nazirlik Aparatının əməkdaşı cəzalandırılıb.
“Partiyaqeyt” qalmaqalı adlanan araşdırma çərçivəsində baş nazir Consonun ofis işçiləri və müşavirləri ilə ad günü şənliyinə qatıldığı üzə çıxıb. Partiyalara Consonun həyat yoldaşı Kerri Conson və maliyyə naziri Rişi Sunak da qatılıb. Conson qalmaqaldan sonra davranışına görə üzr istəsə də, istefa verməyəcəyini bəyan edib.
Leyla, Bizimyol.info