Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin əsgər ölümlərini ailələrindən həmişə gizlədə bilməyəcək”
“Putin əsgər ölümlərini ailələrindən həmişə gizlədə bilməyəcək”

Kremlin əsas istəyi odur ki, güclü lider, məğlubedilməz ölkə və ordu imici yaratsın. Xüsusilə daxili publikanın bu nağıla inanması vacibdir. Guya Rusiya düşmənlərlə əhatələnib, indi müharibədə ölmək müqəddəs missiyadır. Kremlin təbliğat maşını daim bu haqda danışır.

Bizimyol.info xəbər verir ki, Rusiya hakimiyyətinin bütün beyin yumaq metodlarına baxmayaraq, ölkədə həqiqəti bilənlər az deyil. “Blitskriq”, yəni sürətlə ələkeçirmə baş tutmayıb, Kreml qoşunları Ukraynada böyük müqavimətlə üzləşib. Rusiya hər gün müharibədə milyardlarla dollar itirir. İş orasındadır ki, ölkə rəhbərliyi təkcə pul yox, həm də böyük canlı qüvvə itkisiylə üz-üzə qalıb. Aylardır minlərlə hərbçi ölümü ailələrindən gizlədilir. Putin bu qədər rusiyalı kişinin evə qayıtmamasını daha gizlədə bilmir. Narahat həqiqət prezidentə rahatlıq vermir.

Rusiya Müdafiə Nazirliyi martın 25-dən ordunun itkiləri barədə danışmır. Qurum ilk bir ay ərzində cəmi 1351 rusiyalı hərbçinin həlak olduğunu bildirirdi. Halbuki hələ onda rəqəmin dəfələrlə çox olduğu deyilirdi. İndi hətta həyatını itirən rusiyalı hərbçilərin sayının 30 mini keçdiyi iddia olunur. Təsəvvür edin, SSRİ Əfqanıstanda bunun yarısı qədər itki verməmişdi.

Əvvəllər əsgər anaları komitələri ölümlərə sərt reaksiya verirdi. Çeçenistan müharibəsində, “Kursk” sualtı gəmisi batanda bunun bariz nümunəsini görmüşük. İndi situasiya bir az fərqlidir. London Kral kollecinin eksperti Gülnaz Şarafutdinov fərqi Rusiya ordusunun tərkibində görür. Ukraynaya daha çox çağırışçılar yox, müqaviləli hərbçilər göndərilib.

“Bunlar əsasən yoxsulluqdan yaxa qurtarmağa çalışan gənc oğlanlardır. Əksəriyyəti bölgələrdən gəlib, etnik azlıqlara aiddirlər. BBC-nin Rusiya redaksiyası ölənlərdən 1100-nü araşdırıb, məlum olub ki, onların arasında 13 milyon nəfərin yaşadığı Moskvadan heç kim yoxdur. Cəmi beş nəfər Moskva vilayətindən, bir hərbçi isə Sankt-Peterburqdandır. Həlak olanların əksəri əhalisi bir milyona çatmayan Buryatiyadan və təxminən 3 milyon insanın yaşadığı Dağıstandandır”.

Nobel mükafatçısı Svetlana Aleksiyeviç deyir ki, rəsmi təbliğat böyük iş görüb. Ailələrə qəhrəman adlanacaq yaxınlarını itirmək daha asandır.

“Əfqanıstanda oğullarını itirmiş analar məhkəməyə medallar, mükafatlarla gəlirdilər. Mənə deyirdilər ki, sənin həqiqətin bizə lazım deyil”.

Buna baxmayaraq, Aleksiyeviç hesab edir ki, itkilərin miqyası böyüdükcə bunu sığortalamaq daha çətin görünür. Onun fikrincə, Putin əsgər ölümlərini ailələrindən həmişə gizlədə bilməyəcək.

“Biz iki səviyyədə yaşamağa alışmışıq: biri kitablardan, mətbuatdan oxuduqlarımız, digəri isə şəxsi təcrübəmiz. Əfqanıstanda həlak olanlarla bağlı kitabım çıxandan sonra analardan biri etiraf etdi: “Yazdıqlarınız həqiqətdir, amma reallıq daha dəhşətlidir”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »