Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Britaniyanın Çörçili olacaq, yoxsa Əfqanıstanın Əşrəf Qanisi?
Zelenski Britaniyanın Çörçili olacaq, yoxsa Əfqanıstanın Əşrəf Qanisi?

Fevralın 24-dən Ukrayna öz ərazisində Rusiya ordusu ilə döyüşür. Bu gün həmin müharibənin 104-cü günüdür.

Demək olar ki, hər kəs, hətta bu gün Ukraynaya silah vermək üçün bir-biri ilə rəqabət aparan Qərb dövlətləri belə düşünürdülər ki, Kiyev administrasiyası çox tab gətirə bilməyəcək, Rusiya Ukraynada öz məqsədlərinə qısa zamanda çatacaq.

Əslində ABŞ mətbuatında əksini tapan məlumatlara görə, Rusiyanın Ukraynaya soxulmasından həftələr əvvəl ABŞ kəşfiyyatçılarına xüsusi brifinq zamanı “Ukrayna lideri Zelenski Britaniyanın Çörçili olacaq, yoxsa Əfqanıstanın Əşrəf Qanisi?” sualı verilib. Başqa sözlə, sual belə idi: Ukraynada hökumət dağılan kimi, Zelenski tarixi müqavimət göstərəcək, yoxsa qaçacaq?

Bu sualı cavablandırmağa çalışan ABŞ-ın kəşfiyyat rəsmiləri Putinin hərbi müdaxilə edəcəyini düzgün proqnozlaşdırsalar da, Zelenski və Ukraynanı lazımi səviyyədə qiymətləndirə bilmədilər.

Hətta amerikalıların hesablamaları özünü doğrultmadı və Ukraynanın paytaxtı Kiyev onların proqnozlaşdırdığı kimi bir neçə gün ərzində işğal oluna bilmədi. Bəli, Rusiya tərəfi də bunu açıq şəkildə etiraf etmir, amma bu, ABŞ kəşfiyyatı ilə yanaşı, həm də rəsmi Moskvanın da hesablamalarının yanlış olduğunu göstərmiş oldu.

Müharibənin əvvəlində Ukraynanın iradəsi və döyüş qabiliyyətinin rus ordusuna qarşı təsirli olmayacağı fikri üstünlük təşkil edirdi. Lakin Ukraynanın göstərdiyi güclü müqavimət ABŞ və Rusiya kəşfiyyatının proqnozlarını puç etməyi bacardı.

Ancaq bir detal daha var: Ukraynayönlü xəbərlər yayan Qərb ölkələrinin mətbuat orqanlarının iddialarının əksinə olaraq, Ukrayna hələlik müharibənin qalibi deyil. Elə bununla yanaşı, heç Rusiya da qalib hesab edilmir.

Bəli, silahlarınız və ordunuz rəqəmlərlə ifadə edildikdə böyük ola bilər. Ancaq bu rəqəmlər döyüş meydanında, xüsusən quru döyüşlərində gözləntiləri doğrultmaya bilər. Çünki bir bölgəni havadan bombalamaq, o demək deyil ki, siz onu ələ keçirə biləcəksiniz. Ona görə də mütəxəssislər müharibənin quruda qazanılacağını daim vurğulayırlar.

Quruda əlbəyaxa döyüşdə ölkəsini müdafiə edən tərəf hər şeyini itirməmək üçün mübarizə apardığından geriyə addım atmaq daha çətin, bəlkə də mümkünsüzdür.

Bu kontekstdə Ukrayna müharibəsi 104 gündə başda Ukrayna və Rusiya olmaqla, bütün dünya ölkələrinə çox şey öyrətdi. Sağlam düşüncəli dövlətlər artıq Ukrayna müharibəsinin ilkin nəticələrini tədqiq etməyə başlayıblar...

Rusiyanın müharibədə məqsədlərinə tez çatacağını düşünən Qərb dövlətləri də səhv etdiklərini anladıqdan sonra niyə bu mövzuda dəqiq proqnoz verə bilmədiklərini düşünərək, yaranmış nəticədən dərs almağa çalışırlar- əlbəttə ki, gələcəkdə oxşar vəziyyətdə eyni səhvə düşməmək üçün.

ABŞ və Avropa qəzetlərində kəşfiyyat xidmətlərinin bu məsələ ilə bağlı işə başladığı barədə xəbərlər də var.

ABŞ senatoru Angus Kinqin keçən ay Senatın Silahlı Qüvvələr Komitəsinin iclasında rəsmilərə “Əgər proqnozu daha yaxşı qavraya bilsəydik, ukraynalılara daha tez kömək etmək üçün daha çox şey edə bilərdik” dediyi məlumdur.

Bu faktlar göstərir ki, ABŞ başda olmaqla, Qərb dövlətləri düşmən saydıqları dövlət və birliklərə qarşı ehtiyatlı davransalar da, müdaxiləçi yol seçmək onlar üçün daha asan olacaq. Ancaq indi real vəziyyət ondan xəbər verir ki, Ukrayna müharibəsindən sonra dünya əvvəlki kimi olmayacaq.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »