Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarının Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinə gətirilməsinin mümkünlüyünü istisna etməyib.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Kartapolovun sözlərinə görə, Ukraynanın işğal olunmuş ərazilərində, o cümlədən Donetsk və Luqansk vilayətlərində KTMT ölkələrindən olan “sülhməramlılara” tələbatın olacağını istisna etmək olmaz.
O, həmçinin bildirib ki, Kreml Şimali Atlantika Alyansı (NATO) ölkələrindən sülhməramlıların bu ərazilərdə görünməsi ilə “razılaşmayacaq”.
Aprelin sonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin Rusiyanı dəstəkləmədiyini və Ukraynaya qarşı müharibədə iştirak etmək istəyini ifadə etmədiyini bildirib.
Mayın 16-da Moskvada Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2019-cu ildən bəri ilk təkbətək sammiti keçirilib.
Görüş zamanı Vladimir Putin Ukraynadakı müharibədən danışsa da, yalnız Belarusdan dəstək ala bilib.
Həmçinin mayın əvvəlində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirmişdi ki, sanksiyaların məhdudlaşdırılmasının qarşısını almaq üçün Rusiya Federasiyası iqtisadi və digər birliklər və assosiasiyalar çərçivəsində sıx əlaqələrdən istifadə etmək istəyir.
Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Moskva KTMT ölkələrində (Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan) Rusiya hərbi və ikili təyinatlı məhsulların, ilk növbədə, xarici komponentlərin istifadəsini tələb edən istehsalın təşkil etməyi planlaşdırıb.
Bundan əvvəl Qazaxıstan Rusiya Federasiyasına Ukraynaya qarşı müharibəyə görə Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçməyə kömək etməyəcəyinə əmin etmişdi.
Qadir, Bizimyol.info