ABŞ Moskvanın Ukrayna limanlarını blokadaya almaqdan və Ukraynadan maneəsiz taxıl ixracından imtina etməsi müqabilində Rusiya Federasiyasına qarşı sanksiyaları ləğv etməyəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat verib. Nəşrin məlumatında qeyd olunur ki, prezident Co Baydenin administrasiyasının əməkdaşları və amerikalı qanunvericilər Rusiya Federasiyasının mümkün ərzaq böhranının aradan qaldırılmasına kömək etməyə hazır olması barədə bəyanatlarına şübhə ilə yanaşır.
Senator Ceyms Rişin sözlərinə görə, taxıl ixracı məsələsini həll etmək üçün Moskvanın sanksiyaların ləğvi tələbi şantajdan başqa bir şey deyil. Nəşrin məlumatına görə, əksər rəsmilər Ukrayna taxılının tədarükü ilə bağlı hazırkı danışıqların necə başa çatacağını və Rusiyanın sanksiyalar təzyiqini yumşaltmaq iddialarından əl çəkib-keçməyəcəyini gözləyirlər.
Eyni zamanda, BMT nümayəndəsi bildirib ki, Vaşinqton Rusiya, Türkiyə və BMT arasında Ukrayna taxılına dair danışıqların gedişatını diqqətlə izləyir. Bununla belə, nəşrin həmsöhbətinin fikrincə, danışıqlar prosesi “kövrəkdir”. Məhdudiyyətlərin aradan qaldırılması vəziyyəti daha da çətinləşdirə bilər.
Xatırladaq ki, Ukrayna Odessa limanından ixracın bərpası üçün lazımi şərait yaratmağa hazırdır. Amma hazırda Rusiya Federasiyası tərəfindən heç bir təminat yoxdur. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin sözlərinə görə, beynəlxalq taxıl ticarətində hər hansı çatışmazlıqlara görə birbaşa Rusiya məsuliyyət daşıyır.
Bir müddət əvvəl Rusiya tərəfi bildirmişdi ki, onlar Ukraynanın Qara dəniz limanları vasitəsilə taxılın ixracına imkan yaratmağa hazırdır, amma bunun müqabilində Qərb bəzi sanksiyaları yumşaltmalıdır. Ağ Ev-in sözçüsü Ned Prays isə bu açıqlamaya münasibət bildirərkən demiş ki, ABŞ sanksiyaları ləğv etmək fikrində deyil. Rusiyanın təklifini rədd edən ABŞ bildirmişdi ki, onların Kremlə etimadı yoxdur, çünki Rusiya hökuməti vədlərinə əməl etmir. Ned Prays Kremlin ərzaqla bağlı yaranmış vəziyyətdən sui-istifadə cəhdini "dəhşətli əməl" adlandırmışdı.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya mətbuatı yazmışdı ki, Rusiya, Türkiyə və Ukrayna taxılın ixracı ilə bağlı sxemi artıq razılaşdırıblar.
İlahin, Bizimyol.info