2011-ci ildə "ərəb baharı" başlayandan bəri xaos, qeyri-müəyyənlik və zorakılığın hökm sürdüyü Suriyada gərginlik yüksək olaraq davam edir.
Bizimyol.info xəbər verir ki, daha əvvəl 3 dəfə bölgədə hərbi əməliyyatlar təşkil edərək sərhəd təhlükəsizliyini təmin etməyə çalışan Türkiyə bölgədə yeni əməliyyata hazırlaşır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son həftələrdə Suriyada yeni hərbi əməliyyat keçiriləcəyinə işarə edən açıqlamalar versə də, bölgədəki Rusiya və ABŞ bu məsələ ilə bağlı açıqlamalar veriblər və tərəflər Türkiyənin mümkün əməliyyatına qarşı olduqlarını bəyan ediblər.
Hətta dünən ABŞ-a arxalanan terror təşkilatından qalmaqallı açıqlama gəlib. Terror təşkilatı PKK-nın Suriya uzantıları olan PYD/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin rəsmisi İngiltərənin "Reuters" xəbər agentliyinə danışıb. Terrorçu ünsür Türkiyə əleyhinə açıqlamalar verərkən Suriya lideri Bəşər Əsədə Türkiyə əsgərlərinə qarşı necə davranmaq barədə “məsləhət” də verib. Belə ki, onlar rəsmi Dəməşq rəhbərliyinə Türkiyə döyüş təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemlərindən istifadə etməyi təklif edib.
Terrorçuların lideri Mazlum Abdi “qüvvələrimiz Türkiyəyə qarşı döyüşmək üçün Suriya əsgərləri ilə əməkdaşlığa hazırdır. Amma hazırda əlavə əsgər göndərməyə ehtiyac yoxdur”,- deyə o bildirib.
Terrorçu qrup rəhbəri “Suriya ordusunun Suriya ərazisini qorumaq üçün görəcəyi ən mühüm şey Türkiyə təyyarələrinə qarşı hava hücumundan müdafiə sistemindən istifadə etməkdir”,- deyə əlavə edib.
Suriya hökuməti ilə hərbi əməkdaşlığa açıq olduqlarını ifadə edən terrorçu lider "bizim prioritetimiz Suriya ərazisini qorumaqdır və heç kim bu vəziyyətdən istifadə etməyə çalışmamalıdır" deyib.
Reuters-ə danışan terror təşkilatının lideri bunları söyləyib: “ Rusiya və Türkiyə xarici işlər nazirləri arasında keçirilən görüşdə gərginliyin azalacağını gözləyirəm, lakin istənilən danışıqlar Türkiyənin Suriyanın şimalında pilotsuz təyyarələrdən istifadə edərək hücumları dayandırmasını da əhatə etməlidir. Bu, bizim ən vacib tələbimiz olacaq”.
Leyla, Bizimyol.info