Hərbi xidmət keçənlər yaxşı bilər: sıravi əsgərindən tutmuş yüksəkrütbəli zabitinədək təyin olunduğu xidməti postu, yaxud başqa xidməti yeri ciddi bir səbəb olmadan, özbaşına tərk etmək, hərbi nizamnamələrə görə ciddi qanun pozuntusudur və cəzası da olduqca ağırdır.
Həmin şəxs hərbi sistemdə məşhur olan “şərəf məhkəməsi”nə çıxarılır və ona cəza hökmü oxunur. Ona görə ki, əynindəki hərbi geyim formasının, içdiyi hərbi andın, durduğu şərəfli postunun haqqını itirərək, öz ölkəsi, vətəni, milləti qarşısında ciddi bir məsuliyyətsizliyə imza atmış olur.
Ancaq bu proses təkcə hərbi sahədə yox, elə mülki sahədə də var. Xüsusilə də diplomatik sahədə.
Azərbaycan diplomatiyası olduqca nadir, nəhəng siyasətçilər, politoloqlar, diplomatlar, səfirlər yetişdirib. Ancaq ümumi öz xalqını, təmsil etdiyi ölkəni rəzil vəziyyətə salanlar da az olmayıb. Elmar Məmmədyarovundan Polad Bülbüloğlunadək bu kateqoriyadan olan, öz dilini danışanda beş cümləlik ifadədə on beş səhv buraxan, nə dediyini, nə üçün dediyini dərk edə bilməyən, sonunda da ölkə tarixinin, cəmiyyətinin yaddaşında neqativ obrazda qalan kifayət qədər “diplomat”larımız da olub.
Bu gün həmin o diplomatlar, səfirlər arasında iki ildir Ukraynaya guya səfir təyin olunmuş Elmira Axundova “yüksələn ulduz”a çevrilir. Bu “səfir” Rusiya-Ukrayna müharibəsi başlayandan müalicə olunmaq adı altında öz xidməti yerini tərk edib. Daha sonra sosial şəbəkələrdə: “Mən yalnız səfir deyiləm, həm də qadınam” ifadələrini işlədib.
Səfir fiziki ağrılarından, xidmətinin çətinliyindən, buna baxmayaraq, xidməti fəaliyyətini necə şərəflə yerinə yetirməsindən danışıb.
Həmin hadisə mart ayının əvvəllərində olmuşdu, cəmiyyətimizdən də Elmira Axundovanın Ukraynada çətin vəziyyətdə qalan həmyerlilərimizi buraxıb, ortadan yoxa çıxmasına ciddi reaksiyalar gəlmişdi. “Anlaşılandır, başa düşüləndir, qadındır, nə etsə, yeridir” deyib, bu ciddi xidməti səhvə ölkə rəhbərliyi “göz yumdu”.
Amma, bax! Ukraynada qırğın-qiyamətin artdığı bir vaxtda həmin səfir xalq artisti Brilliant Dadaşovanın konsertində iştirak edib. Bu barədə də mediaya: “Konsertə getmişəm, yaxşı etmişəm” açıqlaması verib. Hətta bildirdiyinə görə, o və bir neçə əməkdaşı üç aydır ki, Bakıdadırlar. Müharibə üç aydan biraz artıqdır, başlayıb və belə aydın olur ki, elə müharibə başlayan gündən Elmira Axundova öz xidməti yerini özbaşına tərk edərək, ölkəyə qayıdıb.
Buna niyə “özbaşına” deyirəm? Çünki Ukraynada hələ də bombardman yağışının altında can verən minlərlə azərbaycanlı soydaşlarımız var və istənilən ölkənin səfiri o ölkədən öz vətəndaşları təxliyə edilməmiş, təhlükəsizlikləri təmin olunmamış gedə bilməz.
Təsəvvür edin, gəminin kapitanı gəmini sərnişinlərdən öncə tərk edir, yaxud da komandir döyüş meydanında öz tabeçiliyindəkiləri atıb, qaçır. Bu əməllərlə Ukrayna səfirimizin etdiyinin heç bir fərqi yoxdur. Hər ikisi də müvafiq məsuliyyət yaradır.
Moldova sərhədində vağzallarda, qatar yollarında gecələyən, başlarına raket, bomba yağan minlərlə soydaşımızın konsertlərdə əylənən səfir barədə düşüncələrini, yanaşmalarını bilmək də olduqca maraqlı olardı. Cinsindən, kimliyindən asılı olmayaraq, təyin olunduğu yeri tərk edən, qaçan şəxsə “fərari” deyilir. Elmira Axundova da öz xidmət yerini özbaşına tərk edən “diplomatı” oldu. Xeyirli olmasın...
Mətin Şükürlü, Bizimyol.info