Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Torpaq güzəştinə gedərsə, Zelenskini böyük təhlükələr gözləyir"
"Torpaq güzəştinə gedərsə, Zelenskini böyük təhlükələr gözləyir"

“Müharibə uzandıqca, hər iki tərəf itirir və ən əsası global bazarlarda böyük təlatümlər meydana gəlir. Dünyada böyük iqtisadi böhran yaşanmaqdadır. Xüsusən ərzaq məsələsində, buğda çatışmazlığı məsələsində bunu aydın şəkildə görməkdəyik. Artıq həyəcan təbili çalınıb ki, dünyanın 10 həftəlik, taxıl, buğda ehtiyatı qalıb. Bu, çox ciddi bir siqnaldır. Eyni zamanda müharibənin uzanması həm Rusiyaya həm də Avropaya böyük zərər vurur”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Ceyhun Əhmədov danışıb. O, qeyd edir ki, Rusiyaya dəymiş əsas zərər sanksiyalarla bağlıdır. Rusiya faktıki olaraq bütün dünyadan təcrid olunub. Həm Rusiya vətəndaşları, həm Rusiyadakı ayrı-ayrı şirkətlər, müəssisələr və oliqarxlar - hamısı bu prossesdən əziyyət çəkir. Yəni istənilən bir Rusiya sakini, istənilən bir Rusiya vətəndaşı bu müharibənin ən pis təsirlərini öz həyatında görməkdədir. Eyni zamanda Qərbdə də müharibənin təsirləri açıq şəkildə hiss olunmaqdadır. Xüsusən qarşıdan gələn payız, qış aylarında böyük ehtimalla təbii qazın qiymətində fantastik rəqəmlər özünü göstərəcək. Və bu, Qərb üçün böyük bir problemdir.

Ceyhun Əhmədov Ceyhun Əhmədov

Politoloq hesab edir ki, xüsusən Rusiya qazından asılılıq Qərbi böyük bir dilemma qarşısında qoyur. Yəni bir tərəfdən müharibənin uzadılmasında və Rusiyanın döyüş meydanında məğlub olmasında maraqlı olan Qərb, digər tərəfdən yaşanan bu böhranlı situasiyanın tez bir zamanda aradan qalxmasında maraqlıdır.

“Qarşıdan gələn payız, qış ayları Qərbdəki enerji təhlükəsizliyi məsələsini xeyli aktuallaşdıracaq. Ona görə də artıq müharibə uzandıqca Qərbdəki bəzi siyasi dairələr tərəfindən Ukraynanın güzəştə getməli olduğu ilə bağlı müxtəlif fikirlər səslənir. Hətta dünən ABŞ prezidenti Co Bayden belə bir açıqlama ilə çıxış etdi ki, Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi məsələsi ilə bağlı biz heç nə deyə bilmərik. Çünki torpaq Ukraynaya məxsusdur. Ukrayna dövləti özü bilər. Hansı əraziləri güzəştə getmək olar, yoxsa, yox. Yəni bunun özü əslində ABŞ ritorikasında olan dəyişikliyi özündə ehtiva edir. Bu baxımdan ki, bu vaxta qədər ABŞ tərəfinin açıqlamalarında biz daha sərt yanaşmalara şahid olurduq. Həm Pentaqon rəhbərinin həm dövlət katibinin verdiyi bəyanatlarda belə bir tezis sezilirdi ki, ABŞ Rusiyanın döyüş meydanında məğlub olmasını arzulayır. Yəni bu təəsürat açıq şəkildə özünü biruzə verirdi. Amma bu gün artıq ABŞ-nın mövqeyində də bir qədər yumşalma hiss olunmaqdadır. Ağ Ev rəhbərinin açıqlaması, bu baxımdan diqqəti cəlb edir” - deyə ekspert bildirib. Onun sözlərinə görə, Qərbdə də bu istiqamətdə bəzi yanaşmalar irəli sürülür.

“Məsələn, bu yaxınlarda Henry Kissinger Ukranyanın Rusiyaya ərazi güzəştə getməsinin qaçılmaz olduğunu irəli sürdü. Doğrudur, Ukrayna tərəfi Kissingerin bu açıqlamasına sərt bir münasibət bildirdi. Amma, Kissinger sadə bir adam deyil. Kissinger həm böyük dövlətçilik təcrübəsinə sahibdir, həm də Qərbdə ABŞ-da böyük nüfuz sahibidir. Yəni siyasi ekspert kimi yox, eyni zamanda dövlətin Qərbdəki ABŞ-ın əsas səhnə arxasında yer alan əsas strateqlərindən biridir. Yəni ön planda olmasa da, ABŞ-ın xarici siyasət kursunda Kissenger kimi təcrübəli siyasətçilərin, diplomatların və ekspertlərin mövqeylərinə həmişə üstünlük verilir. Yəni bu baxımdan Kissengerin açıqlaması da diqqətdən yayınmamalıdır. Təkcə Kissinger yox, biz Qərb mətbuatını oxuyanda görürük ki, artıq bu müharibənin həddindən artıq uzanmasının təhlükəli olacağı, xüsusən Qərb üçün ciddi təhdidlər meydana gətirəcəyi ilə bağlı açıq şəkildə yayımlar diqqəti cəlb edir” - deyə Ceyhun Əhmədov qeyd edib.

Politoloqun fikrincə, bu dolayısıyla deməyə əsas verir ki, artıq Qərbin də ritorikasında yumşalmalar olacaq. Rusiya da əslində bunu gözləyir. Rusiya da müharibənin uzanmağını istəmir. Çünki, Rusiya bazarında bu gün böyük təlatümlər var. Rusiya iqtisadiyyatı böyük bir böhranla üz-üzədir. Yəni, bu prosses davam etdikcə Rusiya bir dövlət olaraq, öz çöküşünü yaşaya bilər. Ona görə Rusiya dövləti də bu gün müharibənin dayanmağında maraqlıdır. Amma, burada imic məsələsi olduğuna görə Rusiya müharibəni məğlub obrazı ilə başa çatdırmaq istəmir. Və heç vaxt da o şərtlə razı olmayacaq. Ona görə də Qərb də bu reallığı başa düşdüyünə görə müəyyən bir ərazilərin Rusiyaya güzəştə gedilməsi müqabilində masaya oturmaq barədə artıq düşünür. Daha doğrusu, Qərb Ukraynanı müəyyən ərazilərini güzəştə getməklə masaya gətirmək haqqında düşünür. BuradaUkraynanın mövqeyi bir qədər fərqlidir. Çünki, Zelenski də ağır bir dilemma qarşısındadır.

“Əgər, Zelenski torpaq güzəştə getmək müqabilində müharibənin sonlandırılması barədə Qərbin çağırışlarına cavab versə, o çağırışlara uyğun adekvat addım atsa, bu, Zelenskinin hakimiyyəti üçün problemlər vəd edir. Çünki, əgər torpaq güzəştə gediləcəkdisə, bunu müharibənin əvvəlindən etmək mümkün ola bilərdi. 100 minlərlə insan Ukraynanı tərk edib, minlərlə insan həyatını itirib. Ukraynanın Şərq hissəsində, bütün infrastruktur dağılıb, iflic vəziyyətdədir. Əgər Zelenski güzəştə gedəcək idisə, bu qədər itkiləri verdikdən sonra niyə güzəştə gedir. Bu sual Ukrayna cəmiyyətində veriləcək. Ukrayna cəmiyyəti, bu sualları Zelenskiyə ünvanlayacaq. Və Zelenski hakimiyyəti əgər torpaq güzəştə gedərsə, onu gələcəkdə böyük təhlükələr gözləyir” - deyə Ceyhun Əhmədov əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »