Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarix təkrarlanır, yaxud ukraynalı qadın snayperin intiqamı hələ də davam edir...
Tarix təkrarlanır, yaxud ukraynalı qadın snayperin intiqamı hələ də davam edir...

“Mən bunu Sovet Antifaşist Gənclər Komitəsinin xahişi ilə yazıram... Mən ukraynalıyam. 26 il əvvəl Kiyevdən çox da uzaq olmayan Belaya Tserkov adlı şəhərdə anadan olmuşam. Sadə görünən qızam. Orta boyluyam, indi qısa olsa da, müharibədən əvvəl uzatdığım tünd qəhvəyi saçlarım var idi, burnumun üstündə isə qəlpə parçasının qoyduğu kiçik çapıq var”.

Sovet tarixinin ən məşhur snayperi olan Lyudmila 1942-ci ildə yazdığı məqalədə belə danışırdı. Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Lyudmila Pavliçenko həmin məqaləni yazmamışdan bir neçə il əvvəl Hərbi Mühəndislik Məktəbinə dəvət alsa da bu təklifdən imtina edərək, onun nə orduya, nə də müharibəyə aidiyyəti olduğunu demişdi.

1937-ci ildə Kiyev Universitetinə daxil olmağı bacaran və akademik karyera düşünən Lyudmila snayper olmaq üçün ən uzaq adamlardan biri idi. Gündəlik həyatında qaçış, tullanma, üzgüçülük kimi bir çox atletik idman növü ilə maraqlanan gənc qız, bir gün təsadüfən silahla maraqlanmağa qərar verir. Məktəbdə uşaqlardan birinin atıcılıq meydançasında nə qədər yaxşı atəş açması ilə öyündüyünü eşidəndə o, özünü sınamaq qərarına gəlir və istedadı ilə özünü təəccübləndirir. Bir dəfə mükafat qazanan atış cəhdində 15 dəfə atəş açan Lyudmila 15-in hamısında tam xal alır. Həmin vaxt təhsilini davam etdirən Lyudmilanın taleyini dəyişəcək hadisə 1941-ci il iyunun 22-də baş verir. Həmin gün Hitler Stalinlə “Hücum etməmək Paktı”-nı pozaraq Barbarossa əməliyyatına başlayır. Bu hadisədən sonra gənc qız əsgərliyə getməyə qərar verir: “Mən snayper olmaq istəyirdim, amma heç kim mənim bacarığımı ciddi qəbul etmirdi. Bir gün tarlada atıcılıq vəzifəsini tutmaq növbəsi mənə çatdı. 350-400 metr aralıda rumın əsgərlərinin səngər qazdığını görürdüm. Bizə əmr olmadan atəç açmağa icazə vermirdilər. Atəş üçün icazə istəyən mesaj göndərdim və gözlədim. Komandirin cavabı "Atış edə biləcəyinizə əminsinizmi?" baş verdi. Mən “hə” dedim və atəş üçün icazə aldım. Birinci əsgəri vurdum, sonra ikinci baş çıxdı və yenə atəş açdım. Mən onu da vurdum. Həmin gün məni snayper təyin etdilər”.

Lyudmila, 7,62 mm-lik güllələrdən istifadə edən və 5 dəyirmi kliplə qidalanan Mosin-Nagant tüfəngi ilə nasistləri ovlamaq üçün təyin edildi. Amma Lyudmilanın döyüş meydanında kimisə öldürməsi üçün daha bir az zaman lazım idi.

İyulun 8-də nasistlər Kiyevin darvazalarına çatdılar və 150 km uzaqlıqdakı meşə sahəsinə doğru irəlilədilər. Bütün kişilər və qadınlar döyüşür və ölür, qaçan sovet əsgərləri isə rəhbərləri tərəfindən güllələnir və ya ailələri ilə birlikdə əsir düşərək aclıq çəkirdilər. Avqustun 8-də nasistlərin Odessaya hücumu başladı. Lyudmila və digər əsgərlər dar və açıq yerə baxan bir ərazidə yerləşdirildi. Onlar asan hədəf olan bir neçə düşmən əsgərini görə bilirdilər. Lakin Lyudmila donub qaldı və atəş edə bilmədi. Bu zaman yan tərəfdən bir səs eşitdi. Qayıdanda gördü ki, bir neçə gün əvvəl dostluq etdiyi gənc əsgərlərdən biri başından güllə yarası alıb.

“O görüntüdən sonra daha heç nə məni dayandıra bilməzdi”.

Həmin gün geri çəkilməli olsalar da, ertəsi gün Lyudmila alman əsgərlərindən birini güllələyəcəkdi. Hələ birinci əsgər güllənin təsirindən yerə yıxılana qədər Lyudmila ikinci əsgəri vura bildi. Ancaq almanlar hələ də problem yaradırdılar.

“Onun taktikası əla idi, bunu anlamaq üçün vaxt lazım idi. Uzaqdan dəbilqə gördük, atəş açırdıq. Bir müddət sonra dəbilqə yoxa çıxdı. Bütün bunlar snayperin yerini aşkara çıxarmaq üçün qurulmuş tələ idi, göz önündə əsl əsgər yox idi. Sonra atəş altında olduğumuz ərazini bu qədər uzun müddət saxladılar, başımızı belə qaldıra bilmədik. Bundan başqa, hər kolda, yer tuta bildiyimiz hər kiçik nöqtədə daima atəş açırdılar”.

Alman taktikasını müəyyən etdikdən sonra Lyudmilanı saxlamaq mümkün deyildi. Onun Mosin-Naqantından çıxan güllə həm alman, həm də rus əsgərlərini dəhşətə gətirirdi.

Avqustun sonunda, Odessa müdafiəsinin 28-ci günündə Lyudmilanın öldürdüyü əsgərlərinin sayı artıq 100-ə çatmışdı. Müharibə qızışırdı. Artıq Odessada daş-daş üstündə qalmamışdı. Lyudmila sentyabr ayında daha 87 nasist əsgərini öldürdü. İtkilərdən sonra öz bölüyünə komandanlıq edən Lyudmila, Odessanın məğlubiyyətindən sonra vəzifəsini Sevastopolda davam etdirir. Bəzən iki gün bir yerdə dayanıb səbrlə atəş əmrini gözləyirdi. Qış yaxınlaşır və o arıqlayıb, tanınmaz hala düşmüşdü. O, bir gün yağışın ona mane olduğu bir gündə bir alman əsgərini çox uzaqdan vurmağı bacardı. Almanlar yaxşı bilirdilər ki, belə bir zərbəni ancaq Lyudmila edə bilər. Ölən əsgərin olduğu yerdən kimsə qalxır və deyir: “Lyudmila, bolşevik dostlarını qoyub gəl bizə qoşul!”

Cümləsini bitirən kimi Lyudmila tətiyi çəkdi və qurbanlarına daha bir qurban əlavə etdi.

Və bir gün.. Gecələr postda duran Lyudmila, səhər tezdən kolların arasında dəbilqə gördü. Bunun saxtakarlıq ola biləcəyini düşünərək, gözləmək və yerini açıqlamamaq qərarına gəldi. Bir neçə saat ərzində ərazidəki hər hərəkətə diqqət yetirməsinə baxmayaraq, hədəfi görə bilmirntiqdi. Amma bilirdi ki, bu hərəkətlərin arxasında çox təcrübəli insan dayanır. Yerində gözlədiyi zaman ilk atəşi eşitdi. Son anda gözünü oxşayan parıltı ona rəqibin yerini göstərdi. Başının yanındakı qaya parçalanmışdı. İkinci atış da onun başını millimetrlərlə sıyırdı. Tez geri çəkildi və özü üçün yeni bir mövqe tutdu. Artıq o meydanı çətinliklə görə bilirdi. Hava buludlu idi və qar yağmağa başlayanda Lyudmila bir millimetr də yerindən tərpənmədi. Soyuq, stress, aclıq və susuzluğu artdıqca hər iki snayper ən kiçik səhvin nə ilə nəticələnəcəyini yaxşı bilirdi. Saat 10-da alman snayper bir anlıq başını güclə qaldırdı və bu an gülləni alnında hiss etdi. Qalib Lyudmila, öldürdüyü əsgər isə Dunkerkdən bəri 400-dən çox insanı öldürən snayper mütəxəssis idi.

And… Müharibədə tanış olub, ailə qurduğu həyat yoldaşı dünyasını dəyişəndə Lyudmila and içir ki, geri addım atmayacaq və daha çox öldürəcək. O, sözünün üstündə durur və öldürdüklərinin sayını 309-a qədər artırır. Səlahiyyət müddətinin son günündə belə bir mesaj alır: “Yolumuzdan çəkil, Pavliçenko! Əgər səni tutsaq, səni 309 parçaya bölüb, bütün parçaları küləyə buraxacağıq!”

Həmin gün xarabalığa çevrilmiş Sevastopol şəhərinə 570 ton bomba düşür. Qəlpələrdən biri Lyudmilanın bədəninə dəyir, onu xəstəxanaya yerləşdirirlər. Orada müdaxilə edildikdən sonra gecə yarısı sualtı qayıqla şəhərdən çıxarılır. İyulun 1-də şəhər dağılır. O gündən sonra Lyudmilanın yolu bir daha döyüş meydanına düşmədi. Rəsmi qeydlərə görə 309 olsa da, onun 500-dən çox nasist əsgərini öldürdüyü güman edilir.

Lyudmila Ağ Evə qəbul edilən ilk Sovet vətəndaşı idi. O, ABŞ-ın 43 şəhərində çıxış etmişdi. Çarli Çaplin bütün barmaqlarını “Bu kiçik və zərif əllərin yüzlərlə nasist əsgərini öldürməsi inanılmazdır” deyərək öpüb. 1945-ci ildə müharibə başa çatdıqdan sonra Kiyev Universitetinə qayıdıb və tarix üzrə doktorluq dərəcəsini tamamlayıb, ömrünün sonunadək tarixçi kimi fəaliyyətə davam edib.

1974-cü ildə o, 58 yaşında dünyasını dəyişir. 2 aprel 2015-ci ildə ekranlara çıxan "Bitva za Sevastopol" (Sevastopol uğrunda döyüş) filmində onun həyatından bəhs edilir.

Yelena Belozerskaya Yelena Belozerskaya

P.S. Hazırda davam edən müharibədə də Ukraynanın qadın snayperləri cəsarətlə öz işini görür. Bir müddət əvvəl onlardan biri olan Yelena Belozerskaya mətbuata müsahibə verərək "Rusiya gözlədiyimizdən zəif çıxdı" demişdi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »