Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir qaziləri niyə qəbul etmir?
Nazir qaziləri niyə qəbul etmir?

İyun ayının 2-də daha bir Vətən müharibəsi iştirakçısı özünü asaraq 22 yaşında vəfat edib. Bu sonuncu intihar isə müharibədən bu yana 30-cu hərbçi intiharıdır. İntiharların sayı ilə yanaşı, Sahil Babayevin nazirliyinin qarşısında artan qazilərin, hərbçilərin də sayı hər keçən gün artır. Sahil Babayevlə hərbçi intiharlarını birləşdirən səbəb və ya səbəblər nələrdir? Nazir təyin olunduğu gündən bu yana bir dəfə də olsun haqqında müsbət ictimai rəy formalaşdıra bilməyən bu məmur həqiqətən o posta layiqdirmi? “Gedən, gələnə rəhmət oxutdurar” deyə çox gözəl bir el ifadəmiz var. Səlim Müslümovdan sonra bu ifadə tam yerinə düşüb - Sahil Babayev Səlim Müslümova “rəhmət” oxutdurur.

Vətən Müharibəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) o tünd göy rəngli binasından 55 min manat dəyərində uzun bir bayraq asılmışdı - “google”da axtarış edənlər, həmin görüntüləri izləyə bilər. Elə bir görüntü formalaşdırılmışdı ki, sanki Sahil Babayev özü şəxsən müharibədə iştirak etməsə də, ruhu və qəlbi 7/24 döyüşçülərimizin yanında idi. Yəni Nazirliyin o şanlı, əzəmətli, bayraqlı binasına baxanda, başqa bir şey düşünmək olmurdu.

Nəhayət, müharibə bitdi, coşan emosiyalar getdikcə cilovlanıb, azalmağa başladı, dar balaqlı hərbi geyimləri əyinlərində daşıyıb, müharibədən xəbəri olmayan “qazi”lər paytaxt küçələrindən evə yığışdıqdan sonra ƏƏSMN-in də həmin o dar balaqlı “tiktok qaziləri” kimi “Vətən, millət, Sakarya” sevgisi anidən ərşə çəkildi, yaxud da yerin dibinə keçdi. Ancaq “yoxa çıxan” tək bu deyildi. Azərbaycan cəmiyyətində bu nazir mənfi ictimai rəy almış ikinci bir məmur yoxdur.

Müdafiə Nazirliyi ilə ƏƏSMN arasında iki ildir ki, get-gələ düşən qazilər öz əlillik dərəcələrinin, sığortalarının verilməməsindən və neçə-neçə sosial problemlərindən gileylənirlər. Dünən sosial şəbəkələrdə yayılan görüntülərdə müharibə iştirakçısı qazinin nazirlik binasının şüşələrini sındıraraq içəri keçməsini bütün Azərbaycan izlədi. İçəridəki polislər belə müdaxilə etmədilər – edə bilmədilər. Çünki vicdanları var idi, bu insanların haqlı olduqlarını bildiklərindən, onları dəyənəklə yox, sarılmaqla qarşıladılar. Həmin görüntüləri izləyənlər içərisində təkcə bizim doğma cəmiyyətimiz yox, bəh-bəhlə hər gün məğlubiyyətindən danışıb, sosial şəbəkələrdə əyləncəli videolar hazırladığımız, ələ salıb, “nə oldu, Paşinyan?” dediyimiz ermənilər də, onların dövlət rəhbərləri də var. Baxıb, sevinirlər.

Ölkə vətəndaşları ilə ünsiyyət baxımından dövlət qurumları içində ən qabaqcıl sıralarda gəlməli olan ƏƏSMN-in səriştəsiz rəhbəri Sahil Babayev nazirliyin Mətbuat Xİdməti rəhbəri olan Fazil Talıbovu köksü qəzəb dolu qazilərin qarşısına çıxarıb, özü binanın hansısa qapısından gizlicə çıxır. Nazir kimi fəaliyyət göstərən bu adamın ətrafında bu qədər müavinləri ola-ola bu məsələlərə birbaşa dəxli olmayan jurnalisti – ƏƏSMN-nin Mətbuat Xİdməti rəhbərini qəzəbli insanların içinə göndərən Sahil Babayev hələ bir dəfə də olsun, nə bu narazı insanları qəbul edib, nə də bununla bağlı bir dəfə də olsun mətbuat konfransı keçirib. Pandemiya dövründə itib-batmış səhiyyə naziri Oqtay Şirəliyev kimi, Sahil Babayev də nə vaxt nazirliyinin qabağına qazi, şəhid ailəsi toplaşsa, qanad açıb uçur, yoxa çıxır.

Nə vaxt yolum bu nazirliyin qarşısından keçsə, binanın önünü boş görmürəm, görənlərə də “əhsən!” deyirəm. Ya əliuşaqlı qadınlar, ya hərbi geyimdə olan qazilər, ya da ahıl, pensiya yaşına çatmış insanlar o binanın qarşısını doldururlar. Nazir olan bəndə bir dəfə pencəyinin qabağını düymələyib, bu insanların içinə gəlmir, onlarla kəlmə belə kəsmir. Bu, nəyin eqosudur, nəyin təkəbbürüdür?

Ümidvaram, Sahil Babayevi görməyə imkan tapan həmkarlarımın ilk sualları bunlar olar.

Fazil Talıbov ƏƏSMN-in rəsmisi olsa da, o da bizim həmkarımızdır – jurnalistdir. Jurnalistin vəzifəsi isə qəzəbli insanlara sipər olmaq deyil. Qazinin onun yaxasından tutaraq silkələməsi, yəqin ki, mənimlə bərabər bir çox həmkarıma da mənfi təsir edib. Fazil Talıbovla hərdən razılaşmadığımız, bəzən telefonda mübahisə etdiyimiz mövzular da olub, amma o, həqiqətən, bir jurnalist kimi hər zaman suallarımıza, zəngimizə cavab verib, yayınmayıb. Bu gün Fazil Talıbov Sahil Babayevin, onun müavinlərinin yerinə təkbaşına qazilərin arasına çıxaraq, onlarla danışmağa, sakitləşdirməyə çalışıb. Hər bir halda, təqdirəlayiqdir. Bu mənzərəyə: “İtkin nazirin cəsur mətbuatı” da demək olardı. Həmin davranışı başqa səriştəsiz qurumların mətbuat xidmətlərindən də görməyi arzu edərdik.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »