Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyat"ının bütün dünyada ərzaq təhlükəsizliyi sahəsində vəziyyətə ciddi təsir etdiyini iddia edir.
Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin rəhbərinin cümə günü yaydığı bəyanatda deyilir.
Onun fikrincə, Rusiya Federasiyasının hərbi əməliyyatı qlobal sülh və ümumi rifah, həmçinin ərzaq təhlükəsizliyi üçün böyük mənfi nəticələrə malikdir. "Rusiyanın Ukraynadakı hərəkətləri dünyanın ərzaq təhlükəsizliyinə təhdiddir. Hazırda Moskva bundan üstünlük kimi istifadə edir. Rusiyanın özündə bu gərginlik daha çox hiss olunmaqda davam etsə də, Kreml silhları susdurmaq niyyətində deyil",- deyə qeyd edib.

Bəyanatda həmçinin bildirilir ki, Rusiya hərbi əməliyyatlarının 100 günü ərzində 6,6 milyondan çox insan Ukraynanı tərk etmək məcburiyyətində qalıb. Eyni zamanda Truss xatırladıb ki, Böyük Britaniya hərbi yardım proqramı çərçivəsində Kiyevə “10 min raket” çatdırıb.
Qeyd edək ki, Putin yarana biləcək ərzaq çatışmazlığı ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları yalnız dünya bazarlarını pisləşdirəcək - məhsulu azaldacaq və qiymətləri artıracaq.
Rusiya ordusu 101 günlük müharibə zamanı Ukraynanın cənub sahil zolağının çox hissəsini ələ keçirib və onun hərbi gəmiləri ölkənin Qara dəniz limanlarına çıxışa nəzarət edir. Lakin o, Ukrayna taxıl ixracının dayandırılmasına görə Ukraynanı və Qərbi günahlandırmaqda davam edir.
O, həmçinin Kiyevin nəzarəti altında olan limanların, xüsusən də Odessanın istifadə oluna biləcəyini deyib, lakin Ukraynanın nəzarətində olan limanların ətrafındakı suların Ukrayna tərəfindən minalardan “təmizlənməsinə” çağırıb.
"Rusiya bunun müqabilində gəmilərin təhlükəsiz keçməsinə icazə verəcək. Digər nəqliyyat variantlarına Rumıniya, Macarıstan və ya Polşa vasitəsilə Dunay çayına çıxış daxildir",- Putin deyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, dünyada ərzaq böhranı Ukraynada "xüsusi hərbi əməliyyat" başlamazdan xeyli əvvəl baş verib. Qərbin sanksiyaları ərzaq təchizatını pozan əsas səbəblərdən birinə çevrilib və bu, vəziyyəti daha da gərginləşdirib.
Qadir, Bizimyol.info