Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkil polis bölməsində zorakılığa məruz qaldığını deyir
Vəkil polis bölməsində zorakılığa məruz qaldığını deyir

Vəkil Bəxtiyar Hacıyev Nəsimi rayonu, 22-ci bölməsində zorakılığa məruz qaldığını deyir. Onun sözlərinə görə, zorakılıq bölmənin rəisi Fəxrin Bektaşinin iştirakı və göstərişiylə baş verib.

Bizimyol.info xəbər verir ki, hadisə iyunun 3-də günorta saat 12.00 radələrində baş verib. Vəkilin sözlərinə görə, o, bölməyə çağrılan müvəkkili ilə birlikdə ora getmişdi. Onları polis əməkdaşlarından biri rəisin iş otağına aparıb.

“Bölmə rəisi tələb etdi ki, mən çıxım, hüquqlarını müdafiə etdiyim şəxs kabinetdə tək qalsın. Mənə qarşı kobudluq elədi. İzah eləməyə çalışdım ki, bu adamın vəkiliyəm. Hətta əvvəldən də nəzakətli şəkildə danışdım, dedim ki, qonşuyuq. Çünki işlədiyim 5 saylı vəkil bürosu ilə 22-ci polis bölməsi bir-birinə yaxın ərazidə yerləşir. Kobud şəkildə göstəriş verdi ki, “çıxarın atın bunu çölə, mən bunu çağırmamışam”. İki polis əməkdaşı məni zorla bölmədən çıxardı”, - vəkil bildirib.

Bəxtiyar Hacıyevin sözlərinə görə, hüquqlarını qorumaq üçün birlikdə getdiyi vətəndaş ona qarşı baş verənlərdən təəccüblənmişdi. Vəkil polis bölməsində yaşananlardan sonra Vəkillər Kollegiyasının rəhbərliyinə, Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə məlumat verib. O, polis rəisindən şikayətçi olacağını deyir: Şifahi şəkildə şikayət etmişəm. Yazılı şəkildə də şikayət hazırlayıram. Vəkilə qarşı bu cür özbaşınalıq, qanunsuzluq cəzasız qalmamalıdır. Mən də hüquqi müstəvidə lazım olan bütün addımları atacağam”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, vəkil Bəxtiyar Hacıyevin şikayətilə bağlı məsələ araşdırılır. Fəxrin Bektaşi 2022-ci ilin martında 22-ci polis şöbəsinin rəisi təyin edilib. Bundan əvvəl o, Sabunçu rayonu, 15-ci polis bölməsinin rəisi olub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »