Ukrayna müharibəsi artıq 4-cü aya keçid edib. Hər gün yüzlərlə insanın həyatına son qoyan müharibə tam sürətlə davam edərkən, müharibənin memarı Putin üçün hazırlanan kəşfiyyat hesabatları ortaya çıxıb. “Newsweek” həm hesabatlara, həm də hesabatlara çıxışı olan insanlara çatıb və bununla da Putinin gizli saxladığı həqiqəti üzə çıxarıb.
Bizimyol.info xəbər verir ki, müharibənin memarı Putinin orduya hücum əmri verdiyi bildirilərkən, ABŞ-dan gündəmə bomba kimi düşən xəbərlər gəlib.
ABŞ-da nəşr olunan “Newsweek” jurnalı ABŞ kəşfiyyatının Putin üçün hazırladığı hesabatların məzmununa daxil olub. Newsweek-in üç ayrı-ayrı kəşfiyyat orqanının yüksək rütbəli məmurlarına aid etdiyi qiymətləndirmədə Putinlə bağlı maraqlı məlumatlar ortaya çıxıb.
Biri Müdafiə Kəşfiyyat Agentliyindən, digəri isə Hərbi Hava Qüvvələrinin təqaüdçü zabiti olan şəxslər Putinin səhhəti ilə bağlı geniş kəşfiyyat məlumatlarına çıxış əldə etdiklərini və Rusiya liderinin vəziyyətinin parlaq olmadığını bildiriblər.
Hava Qüvvələri zabiti diqqətçəkən iddia ilə çıxış edib: "Putindən sonra hakimiyyət boşluğu dünya üçün çox təhlükəli ola bilər", - deyə bildirib. Yüksək səviyyəli kəşfiyyat rəsmilərindən biri Putinin gücünün olmadığını vurğulayaraq, “Kremldə hamı sonun yaxınlaşdığını hiss edir”,- deyə bildirib. Rəsmilər həmçinin vurğuladılar ki, Putin özünü təcrid etdikcə etibarlı kəşfiyyata çıxış çətinləşib.
Qeyd edək ki, ötən həftələrdə Britaniya mətbuatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentinə əsaslanaraq, Putinin maksimum 3 il ömür sürməsi ilə bağlı məlumat yayıb. Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılıb və həmin şəxs bildirib ki, Putinin də xəstəliyi səbəbindən görmə qabiliyyəti ciddi şəkildə aşağı düşüb.
Rusiya agent İngiltərənin "Mirror" qəzetinə verdiyi açıqlamada bunları deyib: “Ona televiziyada deyəcəklərini oxuması üçün böyük hərflərlə yazılmış kağız parçaları lazımdır. Bu kağızlarda yazılan hərflər o qədər böyükdür ki, hər səhifədə bir neçə cümlə var. Gözlərinin vəziyyəti ciddi şəkildə pisləşir”.
Sözügedən iddia tezliklə dünya gündəminə düşüb və bu iddiaya cavab Rusiya xarici işlər naziri Lavrovdan gəlib.
Fransanın TF1 televiziyasına verdiyi müsahibədə rusiyalı nazir bu iddiaları qəti şəkildə rədd edərək, “məncə, ağıllı insanların bu insanda hər hansı xəstəlik və ya xəstəlik əlaməti görə biləcəyini düşünmürəm” deyə bildirib.
Leyla, Bizimyol.info