Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-nun baş katibi: "Türkiyə ilə bağlı həmişə etdiyimizi edəcəyik"
NATO-nun baş katibi: "Türkiyə ilə bağlı həmişə etdiyimizi edəcəyik"

ABŞ-da səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşüb.

Bizimyol.info xəbər verir ki, görüşdən sonra Ağ Evin bağçasında jurnalistlərə açıqlama verən Stoltenberq prezident Bayden, vitse-prezident Kamala Harris və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanla “geniş mövzulu görüş” keçirdiyini bildirib.

ABŞ-ın Ukraynaya dəstəyini təqdir edən Stoltenberq, ABŞ-ın dəstəyinin hər gün döyüş meydanında fərq yaratdığını ifadə edərək: “Rusiya prezidenti Vladimir Putin daha kiçik NATO görmək istəyirdi və ona görə də Ukraynanı işğal etmək barədə qarar verdi, amma nəticədə alyansa üzv olmaq istəyənlər daha da çoxaldı”,- deyə bildirib.

Bu ay İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Liderlər Zirvəsinə toxunan Stoltenberq sammitin "təhlükəsizlik baxımından çox vacib bir zamanda" baş tutduğunu bildirib və Bayden ilə İspaniyada görüşməyi səbrsizliklə gözlədiyini ifadə edib. Rusiya-Ukrayna müharibəsinin gedişi ilə bağlı sualı cavablandıran Stoltenberq müharibələrin təbiəti etibarilə gözlənilməz olduğunu və buna görə də hazır olmaq lazım olduğunu bildirib. Sözügedən müharibədə öz ölkələrini müdafiə etdikləri üçün ukraynalılar ağır zərbələrə məruz qalıblar. O, bu müharibənin böyük itkilərlə nəticələnən dağıdıcı kabusa çevrildiyini açıqlayıb.

Rusiya-Ukrayna müharibəsinin "danışıq masası arxasında bitəcəyinə" inandığını ifadə edən Stoltenberq Ukraynanın NATO-nun dəstəyinə ehtiyacı olduğuna diqqət çəkib.

Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə veto qoyması ilə bağlı suala Stoltenberq problemin həll olunacağına inandığını bildirib və deyib: “Bir müttəfiqimiz narahatlıqlarını dilə gətirdikdə, biz həmişə etdiyimizi edəcəyik: oturub ortaq bir yol tapacaq, bu narahatlıqları aradan qaldıracaq və sonra tutduğumuz yolla irəliləyəcəyik. Biz bir yol tapmalıyıq. Türkiyə, İsveç və Finlandiya ilə sıx təmasdayıq”.

Yaxın vaxtlarda Türkiyə, İsveç və Finlandiyanın yüksək səviyyəli rəsmiləri ilə görüş keçirəcəyini xatırladan Stoltenberq Türkiyənin “vacib müttəfiq” olduğunu qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »